Bakı. Trend:
Azərbaycan Respublikasının hava məkanından istifadənin məhdudlaşdırılması halları müəyyənləşib.
Trend xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Aviasiya haqqında” qanun layihəsində əks olunub.
Qanun layihəsinə, əsasən, mülki və ya dövlət aviasiyası sahəsində dövlət nəzarətini və tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müdafiə qabiliyyətinə, ictimai qaydalara və milli təhlükəsizliyə təhlükə yaradan səbəblərə görə ümumi hava hərəkətini hava məkanının müəyyən hissəsində və ya bütün hava məkanında məhdudlaşdırmaq və ya hava məkanının istifadəsinə müvəqqəti qadağa qoymaq hüququna malikdir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət mənafelərini nəzərə alaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təkliflərinə əsasən hava məkanının konkret hissələrini mülki aviasiya üçün qadağan olunmuş və ya məhdudlaşdırılmış zona kimi müəyyən edə bilər. Belə qadağa və məhdudiyyətlər onların tətbiqi üçün əsas olan hallar aradan qaldırıldıqda ləğv edilir.