Bakı. Trend:
Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell növbəti dəfə Qarabağdakı vəziyyətlə bağlı Azərbaycanın ünvanına ittihamlar səsləndirib.
Trend xəbər verir ki, Aİ nümayəndəsi Bakının 19-20 sentyabr tarixlərində Azərbaycanın suveren ərazisindən qanunsuz erməni silahlı qüvvələrini çıxarmaq məqsədilə Qarabağda keçirdiyi antiterror tədbirlərini pisləyib.
Aİ-nin adından çıxış edən Borrell Azərbaycanı "Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini təmin etməyə" çağırıb.
Bundan başqa, o Aİ-nin humanitar yardımı 10,45 milyon avroyadək ikiqat artırdığını və Ermənistanın xahişi ilə mülki müdafiə mexanizmini aktivləşdirdiyini bildirib.
"Ermənistanın sosial-iqtisadi ehtiyacları qarşılaması, həmçinin ərzaq və yanacaq maliyyələşdirməsi üçün 15 milyon avroya yaxın büdcə dəstəyi ayrılacaq", - deyə Borrell əlavə edib.
Avropa İttifaqının Ermənistanın Azərbaycanın suveren ərazilərinə qarşı otuz ildən çoxdur ki, davam edən silahlı təcavüzünə etinasızlığı fonunda 1 milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın kimi vəziyyətinə düşməsini, həmçinin azərbaycanlılara qarşı yönəlmiş etnik təmizləmə siyasəti və insanlığa qarşı cinayətləri müzakirə etmək istəməməsi, bu strukturun Ermənistana aşkar dəstəyi və Azərbaycana qarşı təhdid ritorikası qərəzli siyasətin və ikili standartların aşkar təzahürüdür.
Qeyd etməyə ehtiyac yoxdur ki, Aİ-nin təmin etdiyi vasitələr gizli şəkildə Ermənistanın silahlanmasını dəstəkləyə və bununla bölgədə sülhə və sabitliyə təhdid yarada bilər. Potensial qarşıdurmaya səbəb olan bu siyasi davranışlar birbaşa məsuliyyəti Aİ-nin üzərinə yükləyir.
(Tərcümə: Rəna Əbdürəhmanova)