...

Heydər Əliyevin bir günü: Ümummilli Lider 907-ci düzəlişin Azərbaycan-ABŞ münasibətlərinə zərəri barədə

Siyasət Materials 20 Noyabr 2023 14:59 (UTC +04:00)
Heydər Əliyevin bir günü: Ümummilli Lider 907-ci düzəlişin Azərbaycan-ABŞ münasibətlərinə zərəri barədə
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trend BİA Ümummilli Liderin 100 illiyinə həsr olunmuş "Heydər Əliyevin bir günü" adlı xüsusi layihə başladıb. Ümummilli Liderin görüşləri, danışıqları, səfərləri və sərəncamları ölkəmizin formalaşmasında və inkişafında həlledici rol oynayıb. Oxucularımıza Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki rəhbərlik fəaliyyətinin vacib məqamlarını xronikada bizimlə birgə yada salmağı təklif edirik.

Düz 24 il bundan əvvəl, 19 noyabr 1999-cu ildə "Çırağan sarayı"nda Ümummilli Lider Heydər Əliyevin həmin dövrdəki ABŞ prezidenti Bill Klinton ilə görüşü olub.

Bill Klintonun görüşdə dediyi kimi, əsas ixrac boru kəməri barəsində sənədlərin imzalanmasını böyük tarixi hadisədir.

"Azərbaycan prezidenti kimi, Sizin uzaqgörən, ardıcıl siyasətiniz sayəsində 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" Xəzər dənizinin enerji ehtiyatlarının bütün dünyaya açılmasının əsasını qoydu. Bakı-Ceyhan kəmərinin reallığa çevrilməsində Sizin misilsiz xidmətlərinizi yüksək qiymətləndirirəm. Transxəzər qaz kəmərinin çəkilişinə dair imzalanmış sənədi də yüksək dəyərləndirirəm. Əmin olduğumu bildirirəm ki, bu kəmərlər region dövlətlərinin suverenliyinin və müstəqilliyinin daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq və onların iqtisadi tərəqqisinə böyük töhfə verəcəkdir. Amerika-Azərbaycan əməkdaşlığının sürətlə inkişaf etdirilməsi sahəsində Sizin göstərdiyiniz səylərdən məmnunam. Mən eləcə də aramızda yaranmış şəxsi dostluq münasibətlərini həmişə çox dəyərləndirirəm", - o deyib.

Heydər Əliyev də öz növbəsində Bakı- Ceyhan əsas ixrac boru kəmərinin, Transxəzər qaz magistralının reallaşması sahəsində Amerika dövlətinin prinsipial mövqeyindən razı olduğunu bildirib.

Bundan başqa, Ümummilli Lider Amerika Konqresinin 1992-ci ildə qəbul etdiyi 907-ci düzəlişin bu əməkdaşlığın sürətli inkişafına maneçilik törətdiyini bir daha nəzərə çarpdıraraq həmin düzəlişin aradan qaldırılmasının vacib olduğunu xüsusi vurğulayıb.

"Əmin olduğumu bildirirəm ki, ikitərəfli Amerika-Azərbaycan əlaqələri son illər ərzində, cənab prezident, Sizinlə birgə yaranmış möhkəm dostluq və əməkdaşlıq təməlinə söykənərək daim uğurlu olacaq, xalqlarımızın mənafelərinə xidmət edəcək, onların rifah halının yüksəlməsinə, ölkələrimizin iqtisadi dirçəlişinə kömək edəcək, bütün Qafqaz regionunda sülhün, sabitliyin və əmin-amanlığın bərqərar olunması üçün böyük imkanlar açacaqdır. Azərbaycan ilə Amerika arasında həm enerji sektorunda, həm də digər sahələrdə qarşılıqlı surətdə faydalı əlaqələrin möhkəmləndirilməsi, iqtisadi münasibətlərin daha da sıxlaşdırılması ilə bağlı məsələlərin bu gün müzakirə edilməsi sözsüz ki, əhəmiyyətli nəticələr verəcəkdir. ATƏT-in İstanbul zirvə görüşünün tarixi sənədlərində irəli sürülmüş müddəaların həyata keçirilməsi sahəsində qarşıda duran vəzifələr barədə söhbətimiz, eləcə də beynəlxalq aləmdə, Qafqazda vəziyyət, regionda əməkdaşlığın perspektivləri və hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər haqqında da fikir mübadiləmiz Amerika - Azərbaycan əlaqələrinin möhkəmlənməsində, regionda sülhün bərqərar olması üçün xüsusi əhəmiyyətə malikdir", - Heydər Əliyev deyib.

Qeyd etmək yerinə düşər ki, bu yaxında ABŞ Senatı hələ 1999-cu ildə Ümummilli Liderin bəhs etdiyi 907-ci düzəlişlə əlaqəli məsələni yenidən aktuallaşdırıb. Belə ki, senatorlar ABŞ prezidentinin 107-115 İctimai Qanundan istifadə edə bilməyəcəyini nəzərdə tutan C.3000 ermənipərəst qanunun qəbuluna səs veriblər. Akta əsasən, ABŞ prezidenti “Azadlığa Dəstək Aktı"na “907-ci düzəliş”in icrasını həyata keçirməkdən imtina etmək hüququndan məhrum edilir. Belə ki, 907 saylı düzəlişdə Azərbaycana yardım göstərilməsi qadağan edilir. ABŞ prezidenti 907 saylı düzəlişdən yan keçə və 2024-2025-ci illərdə büdcədən Azərbaycana yardım üçün maliyyə ayıra bilməz.

Belə görünür ki, ABŞ tərəfi 1992-ci ildə təcavüzə və işğala məruz qalmış dövlət olmasına baxmayaraq bu düzəlişlə sanksiyaya məruz qalan Azərbaycana qarşı etdiyi səhvi yenidən təkrarlayır. 2001-ci ildə 11 sentyabr hücumlarından sonra Azərbaycan ABŞ-ın terrorla mübarizə səylərini dəstəklədiyi zaman həmin ildə 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması qərarını verən də ABŞ tərəfi olub. Məhz Azərbaycan hava məkanı marşrutlarını və logistika imkanlarını, Şimal Paylayıcı Şəbəkəsini açmaqla ABŞ tərəfinə öz yardım əlini uzadıb. Əfqanıstanda ABŞ tərəfi ilə çiyin-çiyinə mübarizə aparan ilk dövlətlərdən biri də məhz Azərbaycan olub. Azərbaycan eyni zamanda, Əfqanıstanı tərk edən sonuncu tərəfdaş ölkə olub. Lakin belə çıxır ki, ABŞ tərəfi həmişə Azərbaycanın dəstəyini müvəqqəti hesab edib, amma unudulmamalıdır ki, tarix təkrarlana bilər. ABŞ tərəfinin 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması məsələsi ilə bağlı belə laqeyd hərəkəti Azərbaycana qarşı bədxah addımdır

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti