Bakı. Trend:
Ermənistan üçün Qarabağ məsələsi yoxdur.
Trend çərşənbə axşamı erməni KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə deyib.
O bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və onun üçün artıq Qarabağ məsələsi yoxdur.
Erməni deputatın sözlərinə görə, hazırda Ermənistan üçün əsas məsələ Azərbaycanla süh sazişinin imzalanmasıdır.
Qeyd edək ki, Alen Simonyan Ermənistan və Azərbaycan növbəti 15 gün ərzində sülh sazişi imzalaya biləcəyini deyib.
Bir qədər əvvəl isə Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycan tərəfinin sülh sazişi üzrə növbəti təklifinə cavab verib.
Bəyanatda Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 18-də Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində diplomatik səylərin gücləndirilməsi ilə bağlı açıqlamasından sonra Ermənistan tərəfinin sülh sazişi üzrə altıncı təkliflər paketini Azərbaycana təqdim etdiyi və bundan əvvəl bəyan olunmuş prinsiplər əsasında münasibətlərin normallaşdırılmasına dair sənədi yekunlaşdırmaq və imzalamaq öhdəliyinə sadiq olduğu deyilir.
Xatırladaq ki, noyabrın 18-də Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda ATƏT Parlament Assambleyasının payız sessiyasının açılış mərasimində Azərbaycan və Ermənistanın sülh sazişinin əsas prinsipləri üzrə razılığa gəldiyini bildirib.