...

Latviya XİN rəhbəri Azərbaycan və Ermənistanın birgə bəyanatını müsbət qarşılayıb

Siyasət Materials 8 Dekabr 2023 17:21 (UTC +04:00)
Latviya XİN rəhbəri Azərbaycan və Ermənistanın birgə bəyanatını müsbət qarşılayıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Latviyanın xarici işlər naziri Krişjanis Karinş Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışlayıb.

Trend xəbər verir ki, latviyalı nazir bu barədə özünün "X" sosial şəbəkə hesabında qeyd edib.

Onun sözlərinə görə, bu iki ölkə arasında etimad və sülh istiqamətində mühüm addım olmaqla bütün region, o cümlədən regiondan kənar ölkələr üçün də vacibdir.

"Bu, Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq və sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir", - nazir bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.

Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir.

Otuz iki nəfərlik siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslər daxil deyil və ola da bilməz.

Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.

Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti