Bakı. Trend:
Azərbaycanın Avropa qitəsini təbii qazla təmin etmək üzrə hazırki səyləri regionda kəskinləşən enerji böhranının aradan qaldırılması üzrə daha yüksək effektivliyə malik strategiyadır. Getdikcə daha çox ölkə bununla əlaqədar olaraq Azərbaycanla birləşməyə çalışır. Avropa İttifaqının (Aİ) doqquz üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında saziş imzalayan Azərbaycan bütün Aİ ölkələrindən üçdə biri ilə əlaqələrini möhkəmləndirib.
Serbiya və Bolqarıstan da kənarda qalmayıb. Dekabrın 10-da Nişdə Serbiya-Bolqarıstan qaz interkonnektorunun rəsmi açılışı olub. Çəkilən qaz kəməri Niş şəhərindəki mövcud Serbiya şəbəkəsini Sofiya şəhərindəki Bolqarıstan şəbəkəsi ilə birləşdirərək Serbiya tərəfində 109 km məsafəni qət edəcək. 700 mm diametrə malik boru və maksimal 55 bar təzyiq sahəsində interkonnektorun gücü hər il 1,8 milyard kubmetr təbii qaz çəkməyə imkan verəcək ki, bu da Serbiyanın ümumi illik istehsakının 60 faizinə ekvivalentdir.
Nişlə yanaşı, qaz kəmərinə Bela Palanka, Pirot və Dimitrovqradda üç qaz uçotu və tənzimlənməsi stansiyası daxil olacaq. Bu mexanizm bu üç şəhərin və Serbiyanın bölgələrinin istilik və sənaye istehsalatı üçün qaz təchizatına çıxış imkanı əldə etməsinə imkan yaradacaq.
Bu isə Serbiyanın Qərbi Balkan regionunda enerji mənbələrinin şaxələndirilməsini gücləndirməklə Serbiyanı müxtəlif qaz şəbəkələrindən, xüsusən Azərbaycandan daha etibarlı və stabil tədarüklərlə təmin edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin layihənin açılış mərasimində qeyd etdiyi kimi, Azərbaycan tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini yüksək dərəcədə yenidən tərtib edib.
"Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi - uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Təsadüfi deyil ki, Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər. Onu da bildirməliyəm ki, - bu sözləri əminəm ki, dostum Rumen də təsdiq edə bilər, - bizim Bolqarıstana qaz təchizatımız iki il bundan əvvəl başlamışdır. 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il 500 milyon kubmetrdən bir qədər çox. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaqdır", - dövlət başçısı deyib.
Hələ bu yaxında Azərbaycan və Serbiya təbii qaz tədarükü ilə bağlı bir sıra mühüm sənədlər imzalayıb. Bu təkcə qazla bağlı deyil, həm də Serbiyaya maye təbii qaz (MTQ) tədarükü potensialı ilə bağlıdır. Saziş həmçinin, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə qaz anbarları, şirkətin qaz ticarəti üzrə əməliyyatlarda iştirak imkanının öyrəniləməsi və təbii qazla işləyən elektrik stansiyalarının tikintisi üçün səylərin birləşdirilməsini nəzərdə tutur.
Artıq bu ölkə Avropa qaz bazarını yenidən formalaşdırmaqda Azərbaycanın yeni müttəfiqidir. Azərbaycan hər il Serbiyaya 400 milyon kubmetrədək qaz tədarük etməklə ümumilikdə 8 ölkəyə xidmət göstərir. Bu, Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi artan rolunun və enerji təhlükəsizliyinə təsirinin əyani sübutudur.
Serbiyanın mədən və energetika naziri xanım Dubravka Djedoviç Handanoviç tərəflərin bütün detalları çox qısa müddətdə razılaşdırmağa müvəffəq olmasına görə Prezident İlham Əliyevə şəxsən təşəkkür edərək gələcəkdə əlavə tədarükləri təmin etmək imkanına ümid etdiyini bildirib. O, mərasimdən sonra Sofiyanın Azərbaycandanq hazırki qaz tədarüklərini 2037-ci ildən başlayaraq üçqat artıra biləcəyini qeyd edib.
Bolqarıstan Prezidenti Rumen Radev açılış mərasimindəki çıxışında Azərbaycanın bütün aspektlərdə etibarlı tərəfdaş kimi rolunu yüksək qiymətləndirib.
"Prezident İlham Əliyev Yunanıstan-Bolqarıstan interkonnektorun açılış mərasimində də iştirak edib. Həmin interkonnektor sayəsində Bolqarıstan nəhayət ki, Azərbaycan qazını qəbul edə bildi. Bizim on il öncə anlaşmamız var idi. O vaxt biz nə Avropadan, nə də ki, Azərbaycandan fiziki qaz qəbul edə bilmirdik. Prezident Əliyevə təşəkkürümü bildirmək istəyirəm. O sübut etdi ki, Bakı bütün anlaşma və razılıqlara ciddi yanaşır. Baxmayaraq ki, on il öncə mühüm dəyişikliklər olmuşdu. Mən avropalı həmkarlarla görüşlərimdə hər dəfə bildirirəm ki, Azərbaycan etibarlı tərəfdaşdır. İnanıram ki, biz elə bu cür də çalışmağa davam edəcəyik", - o deyib.
Azərbaycanın təməlini qoyduğu infrastruktur Serbiya və digər Balkan ölkələrinin Xəzər dənizinin enerji ehtiyatlarına çıxış imkanı əldə etməsinə imkan veribə Qitənin ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi (CQD) Avropanın enerji landşaftını köklü şəkildə dəyişib. Ötən il CQD yeni marşrut olan Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsilə istehlakçılar üçün qaz tranzitinə başlayıb.
2021-ci ildə Azərbaycandan Avropaya qaz tədarükləri 8 milyard kubmetrə çatıb, 2022-ci ildə isə tədarüklər artıq 11 milyard kubmetrə çatıb. Bu il üçün hədəf isə regiona qaz ixracının 12 milyard kubmetrə çatdırılmasıdır. Bütünlükdə 2023-cü ildə dünya bazarına tədarük olunan Azərbaycan qazının həcmi 24,5 milyard kubmetrə çatacaq, üstəlik bu həcmin təqribən yarısı Avropa üçün nəzərdə tutulub. Azərbaycan öz qaz tədarüklərinin coğrafiyasını 6-dan ən azı 10 ölkəyədək genişləndirməyi planlaşdırır. Rəqəmlər artıq bariz şəkildə bundan xəbər verir.
İndi isə Serbiya da bu təşəbbüsə qoşulur. İndyədək "Şahdəniz" qaz yatağı CQD üçün yeganə mənbə olsa da, Azərbaycanda bir neçə yeni qaz yatağı hasilata hazırlaşır. Bu təkcə mənbələri şaxələndirməyəcək, həm də tədarüklərin həcmini artıracaq.
Artıq Avropa Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında mühüm qaz infrastrukturunun inkişafı və müasirləşdirilməsində göstərdiyi böyük səylərin bəhrələrini görə bilər və ciddi enerji böhranı artıq elə də həllolunmaz görünmür. Dövlət başçısının 2020-ci ildə CQD layihəsini işə salmaqla başlatdığı uzaqgörən enerji siyasəti bunun Avropaya bu çətin zamanlarda köməklik göstərməyin üsullarından biri deyil, ola bilsin ki, ən uğurlu və uyğun həlli olduğunu sübut edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)