Bakı. Trend:
Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri Ermənistandakı mülki missiyalarının sayını 50 faiz - 138 nəfərdən 209 nəfərə qədər genişləndirmək qərarına gəliblər.
Trend xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Cozep Borrell Aİ xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
"Bu gün Aİ Şurası Ermənistandakı mülki missiyamızı gücləndirmək, yerdəki mövcudluğumuzu 138 nəfərdən 209 nəfərə çatdırmaq qərarına gəlib. Bu əhəmiyyətli artım Ermənistanın Azərbaycanla beynəlxalq sərhədində sabitliyin artırılmasına yönəlib", - deyə o qeyd edib.
Əvvəllər də Aİ humanitar yardım paketini iki dəfə artıraraq 10,45 milyon avroya çatdırıb və Ermənistanın, onların dediklərinə görə, “sosial-iqtisadi ehtiyacları qarşılamaq, ərzaq və yanacağa dəstək olmaq” tələbinə cavab olaraq Aİ-nin Mülki Müdafiə Mexanizmini aktivləşdirib. Baxmayaraq ki, bu vəsaitlərin İrəvanın ehtiyacları üçün hara getdiyinə dair heç bir sübut yoxdur.
Bundan əlavə, C.Borrell bu yaxınlarda Azərbaycanın guya 150 min ermənini Qarabağdan “qovduğu” barədə bəyanat verib. Borrellin Qarabağ ermənilərinin sayını təsəvvür etmə dərəcəsi insan təxəyyülündən kənardadır.
İndi Azərbaycan-Ermənistan sərhədində avropalıların sayını artırmaqla, Borrelin timsalında Aİ sadəcə olaraq hər şeyi yenidən qarışdırır. Azərbaycan və Ermənistan arasında bu yaxınlarda razılaşdırılmış razılaşmalar fonunda bu cür addımlar sülh prosesinə qəsdən zərbə vurmaq cəhdindən başqa bir şey ola bilməz.
Azərbaycan Ermənistanla yaranan istənilən məsələni müstəqil şəkildə, üçüncü tərəflərin vasitəçiliyinə ehtiyac olmadan həll etmək qabiliyyətini sübut edib. Borrell kimi fiqurların Azərbaycanın xarici siyasətinə qarışmaq və ya Aİ ilə əlaqələrini təhlükə altına almaq gücü yoxdur. Aİ-nin siyasi liderlərinin bu iki üzlü yanaşmadan əl çəkməsi və ikili standartlardan əl çəkməsinin vaxtı çatıb.