...

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır

Siyasət Materials 12 Dekabr 2023 11:23 (UTC +04:00)

Bakı. Trend:

Müasir Azərbaycan tarixinin böyük hissəsi, önəmli bir mərhələsi Ulu Öndər Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana 34 illik rəhbərlik dövrü Azərbaycan tarixinin ən mühüm inkişaf mərhələsi olmuşdur. Azərbaycanın bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Azərbaycan bu gün dünyanın ən sürətlə, hərtərəfli inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Bu gün ölkəmizdə davam edən geniş miqyaslı quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycan tarixinə xilaskar və qurucu lider kimi daxil olmuş Ulu Öndər xalqımızın taleyində, siyasi-ictimai və mədəni həyatında böyük xidmətlər göstərmişdir. Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir. Sovet Azərbaycanı dövründə 1969-1982-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz həmin illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər. Sovet dövründə ilk dəfə olaraq ölkəmizin və xalqımızın mənafeyini qarşıya məqsəd qoyaraq bütün addımların məhz Azərbaycanın gələcək inkişafına yönəlmiş siyasətə start verilmişdir. Belə ki, bu dövrdən başlayaraq respublikasmızda görünməmiş inkişaf və yüksəliş eləcə də tikinti-quruculuq işləri başlamışdır. Bu siyasət nəticəsində respublikamızda bütün sahələrdə, iqtisadiyyat, sənaye, kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edilmiş, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edilib istifadəyə verilmişdir. İldən-ilə yeni yaşayış massivləri, qəsəbə və kəndlər salınmış, məktəblər, uşaq baxçaları, universitetlər açılaraq xalqın istifadəsinə verilmişdir.

1991-ci ilin oktyabr ayında Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkədə daxili vəziyyət son dərəcədə gərginləşmişdi, hərc-mərcilik baş alıb gedirdi. Ölkədə hakimiyyət böhranı yaranmışdı. Hakimiyyətdə olan Xalq Cəbhəsi ölkəni daha dərin uçuruma aparırdı. 1993-cü ilin iyun ayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Xalqın tələbi və təkidi ilə Respublikanın belə ağır günündə Azərbaycan Xalqının görkəmli oğlu, Ümummilli Lider Heydər Əliyev Bakıya gəldi. Ulu Öndər Heydər Əliyev az bir zaman ərzində vətəndaş müharibəsi təhlükəsinin qarşısını aldı. 1993-cü ilin iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi. Bununla da 15 iyun Azərbaycan tarixinə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Əgər həmin məqamda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, kim bilir dövlətimizi, xalqımızı daha hansı faciələr gözləyirdi? Dövlət müstəqilliyinin qorunub saxlanılması ilə bağlı Ulu Öndər Heydər Əliyev demişdir: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, xarici siyasət sahəsində dönüş yaradılıb və müstəqil dövlət quruculuğu prosesinə başlanılıb. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsində bir tərəfdən Milli Ordunun formalaşması, müdafiə qabiliyyətinin gücləndirilməsi üçün mühüm addımlar atılmış, digər tərəfdən atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələdən istifadə olunmuş, bununla da 1994-cü ilin 12 may tarixində ölkəmiz üçün həyati əhəmiyyətə malik atəşkəs rejiminə nail olunub.

1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsi idi. İndi Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin 75 faizi bu gün Azərbaycanın iqtisadiyyatını gücləndirir. Azərbaycan dövləti “Əsrin müqaviləsi”nin icrasına vəsait qoymayıb, ancaq mənfəət neftinin 75 faizi Azərbaycana gəlir. Bu gün xarici şirkətlərlə aparılan neft-qaz əməliyyatları çərçivəsində minlərlə milli kadr yetişib. Bu gün “Əsrin müqaviləsi” nin icrasında işləyən insanların 90 faizi Azərbaycan vətəndaşlarıdır. Neft sənayesində püxtələşən kadrlar bu gün dünyanın istənilən sənaye sahədə işləyə bilərlər. Bu da ölkəmizə böyük əlavə üstünlük verir.

Ulu Öndər Heydər Əliyevin neft strategiyasının əhəmiyyətini qeyd edən cənab Prezident İlham Əliyev bildirmişdir ki, bu strategiya bu gün imkan verir ki, biz Qarabağı, Zəngəzuru yenidən quraq. 1994-cü ildə “Əsrin müqaviləsi”, 1996-cı ildə “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış müqavilə bizim bugünkü iqtisadi qüdrətimizi şərtləndirən əsas amildir.

Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında Ulu Öndər Heydər Əliyev misilsiz səylər göstərmişdir. Ulu Öndər Heydər Əliyev dəfələrlə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir. Müəllifi Ulu Öndər Heydər Əliyev olan Azərbaycançılıq məfkurəsinə əsaslanan milli ideologiya xalqın birliyini təmin edir. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən Azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amildir.

Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu sıraya təkmil siyasi sistemin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, həmçinin milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması aid edilə bilər. Eyni zamanda, həmin dövrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Bu, müstəqil Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edən çox mühüm vasitə oldu.

1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub. Ulu Öndər Heydər Əliyev demişdir: “Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli vəzifə düşüb və bunu layiqincə yerinə yetirməliyik. Güman edirəm ki, hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaq”.

2003-cü ildən sonrakı dövrü böyük yolun davamı kimi dəyərləndirən cənab Prezident İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildiyi vaxtdan Heydər Əliyev siyasətini layiqincə yaşatmaqla yanaşı, həyata keçirdiyi düşünülmüş və balanslaşdırılmış siyasi kursu ilə Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir. Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev cənabları xalqımızın tarixi keçmişinin, müstəqillik tarixinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin qətiyyəti sahəsində Ulu Öndərin yeni neft strategiyasının uğurla reallaşması və inkişaf etdirilməsi, yeni sosial-iqtisadi layihələrin həyata keçirilməsi, regionda, eləcə də dünyada cərəyan edən proseslərə dövlət başçısının müdrik siyasi baxışları Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə və dövlətçiliyimizin qüdrətlənməsinə xidmət edir. 2003-cü ildən başlayaraq cənab Prezident İlham Əliyev tərəfindən yeni tarixi şərait, reallıqlar müdrikcəsinə qiymətləndirilərək müəyyənləşdirilən və həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın hərtərəfli, sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Ötən illər ərzində cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan çox böyük uğurlara imza atıb. Əlbətdə bu uğurların başında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44 gün davam edən, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda aparılan Vətən müharibəsində əldə olunan tarixi zəfərdir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı işğaldan azad edərək Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu yerinə yetirdi.

Müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanınması, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik, çoxşaxəli siyasət, qazanılan bütün uğurlar əminliklə düşünməyə əsas verir ki, dövlət müstəqilliyi bir daha heç vaxt əldən verilməyəcəkdir, əbədi olacaqdır. Görkəmli siyasi və dövlət xadimi, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətləri dövlətçilik tariximizin ən parlaq səhifələrini təşkil etdiyi üçün illər ötsə də, nəsillər dəyişsə də, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.

Milli Məclisin deputatı,

Rauf Əliyev

Xəbər lenti

Xəbər lenti