Bakı. Trend:
"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı efirə yayımlanıb.
Trend xəbər verir ki, verilişin qonağı erməni jurnalist və bloger Natali Aleksanyan olub.
O, Azərbaycan və Ermənistan gələcəyə baxmalı və heç nədən asılı olmayaraq sülh şəraitində yaşamağa başlamalı olduğunu qeyd edib.
"İki xalq arasında münasibətlərin yolunda olmasını və milli mənsubiyyətindən asılı olmayaraq hamının normal şəraitdə yaşamasını istərdim. İlk növbədə, iki ölkə ümumi fikrə gəlməli, danışıqlar aparmalıdır", - Aleksanyan deyib.
Bloger Azərbaycanla Ermənistan arasında son danışıqlarda üçüncü tərəfin olmamasını müsbət məqam olaraq qiymətləndirib.
"İki ölkə liderinin görüşü və bu istiqamətdə digər rəsmilərin atdığı addımlar müsbət təzahürdür və mən bunu dəstəkləyirəm. Burada digər qüvvələrin iştirakına ehtiyac yoxdur. Hər şeyin əvvəlki məcraya qayıtmasını, müharibə, döyüş əməliyyatlarının olmasını istəməzdik. Üçüncü tərəflərin iştirakı ilə yenidən əvvəlki vaxtlara qayıda bilərik. Azərbaycan və Ermənistan aralarındakı problemləri özləri həll etməlidir", - o belə hesab edir.
Aleksanyan ilk növbədə erməni xalqının daxili qorxusundan qurtulmalı olduğunu qeyd edib.
"İzləyicilərim və həmfikirlərim tez-tez zəng edir, yazır və hər şeyin yoluna düşməsi üçün nə etmək lazım olduğunu soruşurlar. Mən onlara deyirəm ki, ilk növbədə erməni xalqı daxili qorxusundan qurtulmalıdır. Onlar qonşularının onlara daima təzyiq göstərəcəyindən qorxurlar və buna görə düşünürlər ki, hazır olmaq lazımdır. 44 günlük müharibə başlayana qədər onlar qorxmurdular, əhvalları tamam fərqli idi. Lakin müharibədən sonra erməni cəmiyyətində böyük qorxu hökm sürür. Lakin bu düzgün deyil, bu qorxunu aradan qaldırmaq və qarşılıqlı anlaşma əldə etmək lazımdır. Sonda qeyd etmək istəyirəm ki, keçmiş rəhbərlərimiz və valideynlərimiz vaxtilə bizi doğru məcraya yönəldə bilmədilər. İndi biz gələcək barədə düşünməliyik və elə etməliyik ki, gələcək nəsillər düşmənçilik hissi bəsləməsinlər", - deyə o, əlavə edib.
Trend verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır:
(Tərcümə: Rəna Əbdürəhmanova)