...

Paşinyanın silahlanması: Köhnə, mənasız, bahalı "oyuncaq"lar

Siyasət Analytics 17 Fevral 2024 12:30 (UTC +04:00)
Paşinyanın silahlanması: Köhnə, mənasız, bahalı "oyuncaq"lar
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Artıq ermənilər də etiraf edirlər: İrəvanın Fransadan və Hindistandan aldığı silahlarla hərbi texnika erməni ordusunu "xilas" etməyəcək.

Ermənistanın Fransadan və Hindistandan aldığı, habelə almağa hazırlaşdığı silah, sursat və hərbi texnika erməni ordusunun üzləşdiyi problemlərin effektiv həll yollarından sayıla bilməz.

İrəvanda çıxan "Past" şəzetinin yazdığına görə, Paris və Dehlinin İrəvana satdığı hərbi texnika köhnə olmaqla yanaşı, müasir hərbi əməliyyatların tələblərinə cavab vermir.

"Habelə, bu silahlar və hərbi texnikalar Azərbaycan ordusundakı analoqları ilə müqayisədə çox uduzurlar", - "Past" erməni ekspertlərə istinadən yazıb.

Fransa və Ermənistan arasında imzalanmış razılaşmalara görə, Paris İrəvana 50 "Bastion" zirehli maşını verəcək. Maşınların 32-si artıq Ermənistandadır.

Fransanın "Arquus" korporasiyasının istehsalı olan bu maşınlardan savayı, ermənilər Parisdən "AESA 3D" tipli "Ground Master 200" hava hücumundan müdafəi radarları, "Mistral 3" tank əleyhinə raket kompleksləri, "CAESAR" uzaqvuran artilleriya sistemləri alacaq.

Ermənistanın müdafiə naziri Suren Papikyan ötən ilin oktyabrında Parisdə rəsmi səfərdə olarkən Fransanın müdafiə naziri Sebastyan Lekornü ilə danışıqlar apararaq müvafiq anlaşmalar imzalamışdı.

Eyni zamanda, Ermənistan Hindistanla silah-sursat və hərbi texnika alışı ilə bağlı 442,2 milyon dollarlıq sazişlər imzalayıb.

Sazişlərə görə, Hindistan Ermənistana "Bharat Forge" konserninin istehsalı olan 155 mm çaplı "MArG 155" uzaqvuran artilleriya sistemlərini, "Pinaka" reaktiv yaylım atəşi sistemlərini, tank əleyhinə raket sistemlərini və müxtəlif tili sursatlar; habelə "Munitions India Limited" konserninin istehsalı olan 30 mm və 40 mm çaplı 150 min qumğara, 7,62 mm çaplı 5 milyon patron, 155 mm çaplı 90 "ATAGS" uzaqvuran artilleriya sistemini, "Bharat Dynamics Limited" şirkətinin istehsalı olan "Akash" hava hücumundan müdafiə sistemini verəcək.

Bütün bunlarla yanaşı, pilotsuz uçan aparatlara (PUA) qarşı zenit kompleksləri istehsal edən "Zen Technologies" Ermənistanda istehsalat müəssisəsi yaratmaq niyyətindədir.

Lakin problem budur ki, Hindistandan alınan sistemlərdəki "AESA 3D" və passiv elektron qəfəsli "Rajendra 3D" radiolokasiya qurğuları Ermənistan ordusundakı mövcud standartlar sisteminə qətiyyən uyğun gəlmir.

Fransa istehsalı olan və Ermənistanın alacağı tank əleyhinə raketlərlə hava hücumundan müdafiə sistemlərinin raketləri Hindistan, sabiq Sovetlər Birliyi və Rusiya istehsalı olan radiolokasiya sistemlərinin, həmçinin mobil radarların yolladığı siqnalları almırlar.

Yəni Fransanın Ermənistana verdiyi sistemlər bu radarların ilkin xəbəretmə siqnallarına "kar və kor" qalır.

Fransanın "Acmat" konserninin istehsalı olan və Erimənistana verilən "Bastion" zirehli transportyoru isə çox aşağı keyfiyyətlidir.

Əsasən Afrika ölkələrinə satılan, dünyanın inkişaf etmiş ölkələrinin və ya güclü silahlı qüvvələri olan dövlətlərin qətiyyətlə imtina etdikləri "Bastion"ları Fransa Ukraynaya hədiyyə etmək istəsə də, zirehli texnikaya hədsiz ehtiyacı və tələbatı olan Kiyev belə, bu "konserv bankaları"nı rədd etmişdi.

Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan Serbiyadan 400 milyon dollarlıq silah-sursat və hərbi texnikanın alınması ilə bağıl anlaşma layihəsinin hazır olduğunu, lakin baş nazir Nikol Paşinyanın bu sövdələşməni ləğv etdiyini də bildirib.

Paşinyan administrasiyasınınn davranışı təxminlənən formatdadır və bəsitdir.

Onun Fransa, Rusiya və Hindistanla anlaşması, Yunanıstandan sabiq sovet dönəmində istehsal olunmuş köhnə silahları və hərbi texnikanı ucuz qiymətə almağa razılaşması qeyri-adi proseslər deyil.

Dünya silah və hərbi texnika bazarının öz sərt qanunları var: hansısa dövlət büdcəsindən külli miqdarda pul ayırsa belə, hərbi texnikanı ən baha qiymətə almağa razılaşsa da, bu, onun istədiyi çeşiddə, markada, tipdə və sayda sitlahla hərbi texnikanı ala biləcəyinə dəlalət etmir.

Qlobal silah bazarında biznes qanunları ilə yanaşı, siyasi prioritetlər və seçimlər hökm sürür.

Məhz bu baxımdan Ermənistan ordusununun modernləşdirilməsi, yenilənməsi və müasir texnika, habelə sistemlərlə təminatını nəzərdə tutan proqramı reallaşdırmağa başlayanda, yəni 2021-ci ilin ortalarında silah-sursat və hərbi texnika almaq üçün bir sıra dövlətlərə müüraciət etdi.

Aldığı cavabların tam əksəriyyəti İrəvanı təbii ki, qane etmədi. İnkişaf etmiş, dünya silah bazarında lider mövqelər tutan dövlətlərlə yanaşı, həmin bazarda istehsalçılarla satıcıların ikinci, üçüncü, hətta beşinci onluqda olan dövlətlər ermənilərin təkliflərinə rədd cavabı verdilər.

Səbəblər çox idi, amma onların arasında əsas yeri Ermənistanın Rusiya və İranla olan əlaqələri tuturdu. Silah istehsalçıları olan dövlətlər Ermənistana satacaqları məhsulların sonradan Moskvaya və Tehrana ötürüləcəyindən çəkinirdilər.

Məhz bu səbəbdən Fransa Ermənistana mənəvi cəhətdən köhnəlmiş, ötən əsrin sonlarında aktual olan hərbi texnika və sistemlər satır.

Hindistana gəldikdə isə, Dehlinin Ermənistana satacağı 442, 2 milyon dollarlıq sursat, silah və hərbi texnikanın siyahısında ən müasir sayıla biləcək sistemlər yoxdur.

Sözsüz, Hindistan şirkətləri Ermənistana satmağa razılaşdıqları bütün sistemləri «ən modern» kimi qələmə verirlər:lakin bu sistemlərin istisnasız olaraq hamısı Fransa, Rusiya, İsrail, Serbiya, İtaliya, Britaniya və s. ölkələrin onillər əvvəl satmağa başladıqları sistemlərin bir qədər müasirləşdirilərək dəyişdirilmiş klonlarıdır.

Digər amil isə silah və texnika alışlarında Ermənistan qarşısında qoyulan siyasi şərtlərlə tələblərdir. Fransa, Rusiya və Hindistan ermənilərə “hamilik” uğrunda rəqabətdə olduqlarından rəsmi İrəvan bu üç ölkənin üçünü də razı salmaq üçün onlarla hərbi texnika alışlarındakı köhnə anlaşmaları yeniləmək, həmçinin yeni müqavilələr imzalamaq fikrindədir.

Rəsmi İrəvan silahlı qüvvələrini modernləşdirmək və silahlandırmaq məqsədilə realllaşdırmağa çalışdığı proqramı sırf siyasi məqsədlərə qurban verərək eyni zamanda bir neçə "hami"ni razı salmağa çalışır.

Belə proses isə ilk mərhələdən uğursuzluğa düçar olduğundan sadəcə, Cənubi Qafqazda gərginliyin və hərbi əməliyyatlar risklərinin artırılmasına yönəlib.

Bakı bunu daim deyir.

İrəvan isə yenə də illüziyalara qapılaraq eşitmək istəmir...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti