...

Xətai rayonunda Xocalı sakinləri ilə görüş keçirilib

Siyasət Materials 23 Fevral 2024 17:24 (UTC +04:00)

Bakı. Trend:

Fevralın 23-də Xətai Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində bu rayonun ərazisində məskunlaşan Xocalı sakinləri ilə görüş keçirilib.

Tədbir iştirakçıları öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin, həmçinin Xocalı faciəsi qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı faciəsi xüsusi amansızlığına görə seçilir. Dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanan Xocalı soyqırımında şəhər bir gecədə yerlə-yeksan edilib, qadın, uşaq və qoca, ümumilikdə 613 günahsız insan məhz azərbaycanlı olduqlarına görə ən vəhşi üsullarla qətlə yetiriliblər. Xocalı faciəsindən 32 il ötməsinə baxmayaraq, xalqımız bu soyqırımının mənəvi ağrısını, onun dəhşətlərini qəlbində daşıyır, həmin günü unutmur.

Rafiq Quluyev onu da bildirib ki, hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atmasından, 30 illik işğala son qoymasından sonra bu anım mərasimini tamamilə fərqli bir ovqatda qeyd edirik. Faciələrimizi unutmağa mənəvi haqqımız yoxdur. Amma bununla bərabər, bu günün qüruru ona görədir ki, artıq milli kimliyimiz özümüzə qayıdıb. 30 ildə çətinliklərə, törədilən faciələrə baxmayaraq xalqımız bir an da belə ümidini itirmədi. Tam əmin idik ki, dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın birliyi, həmrəyliyi sayəsində bu torpaqlarımıza qayıdacaq, qurub-yaradacağıq. Bu gün həmin sevinci yaşayırıq. Artıq Xocalıda, Xankəndidə Azərbaycan Bayrağı dalğalanır, genişmiqyaslı bərpa- quruculuq işləri həyata keçirilir. Xüsusilə fərəhli hadır ki, bu il doğma yurd-yuvalarına qovuşacaq soydaşlarımız arasında Xocalı sakinləri də olacaq.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə azərbaycanlıların və türklərin tariximizin ayrı-ayrı dövrlərində ermənilərin soyqırımı və deportasiya siyasətinə məruz qaldıqlarını bildirib. Qeyd edib ki, bütün bunlar tarixdir. Çoxəsrlik tariximizin qəhrəmanlıq dolu səhifələri ilə yanaşı, faciəli məqamları da vardır. Qəhrəmanlıqla zəngin tarixmizin öyrənilməsi, indiki və gələcək nəsillərə çatdırılması daim qarşvımızda dayanan əsas çağırışlar sırasındandır. Bu sahədə məqsədyönlü fəaliyyətə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. 2003-cü ildən dövlət başçısı İlham Əliyevin Azərbaycan həqiqətlərinin təbliği istiqamətində atdığı addımlar geniş miqyas alıb. 44 günlük Vətən müharibəsində tarixi Qələbəmiz Azərbaycan dövlətinin qətiyyətinin, ordumuzun gücünün, qüdrətinin, xalqımızın yenilməzliyinin, məğrurluğunun təqdimatı olmaqla yanaşı, diplomatik uğurlarımızın da roluna işıq saldı. Döyüş meydanında, informasiya cəbhəsində Zəfərimiz dünyaya ədalət, beynəlxalq hüquq, eyni zamanda, tarix dərsi oldu. 30 ildə tarixi inkar yolunu tutan, himayədarlarının dəstəyi ilə yeni ərazi iddialarını gerçəkləşdirməyə çalışan ermənilər 44 günlük İkinci Qarabağ müharibəsində aldıqları dərsi heç zaman unuda bilməyəcəklər.

Vüqar Rəhimzadə qeyd edib ki, ötən ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimizin reallaşdırdığı lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Bu gün işğaldan azad edilmiş bütün ərazilərimizin hər daşı, qayası ermənilər vəhşiliklərinə şahidlik edir. Bu gün qürurla qeyd edirik ki, 30 ildə ermənilərin tamamilə dağıtdıqları, yerlə-yeksan etdikləri torpaqlarımız nəhəng quruculuq meydançasına çevrilib. Soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdırlar. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərləri davamlılığı ilə diqqətdədir. Artıq bu sırada Xocalının, Xankəndinin də olması hər birimizi sevindirir.

Görüşdə Xocalı sakinləri adından çıxış edən Vərziyar Əliyeva dövlətin onlara göstərdiyi diqqət və qayğıdan geniş bəhs edərək 30 illik işğala son qoyulmasının sevincini paylaşıb. Bu sevinci yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza minnətdarlığını ifadə edib.

Xəbər lenti

Xəbər lenti