...

Azərbaycan VI çağırış Milli Məclisi demokratiya və hüquqi dövlət təcrübəsinin yeni modeli kimi xarakterizə edilir

Siyasət Materials 10 Mart 2024 12:21 (UTC +04:00)

Bakı. Trend:

Ölkəmizdə iqtisadi və siyasi islahatlar bərabər formada aparılır. İslahatlar konseptual olmaqla bərabər struktural xarakter daşıyır. Aparılan islahatlar çərçivəsində siyasi sistemin təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi günün əsas məqsədlərdən biridir. Azərbaycanda həyata keçirilən siyasi və struktur islahatlarından bəhs olunarkən 2020-ci ilin fevral ayında keçirilən parlament seçkilərindən sonra Milli Məclisin Aparatında və kadr islahatlarının önəmi də xüsusi qeyd olunmalıdır. İlk öncə məqsəd parlamentin işinin daha müasir əsasda yenidən qurulmasına, iş prosesində şəffaflığın təmin edilməsinə nail olmaqla operativ və daha səmərəli fəaliyyətin təşkil edilməsindən ibarətdir.

Qeyd etmək lazımdır ki, hal-hazırda ölkəmizdə yeni siyasi konfiqurasiya yaranıb. Siyasi arenada təmsil olunan siyasi qüvvələr arasında müsbət dialoq mühiti formalaşıb. VI çağırış Milli Məclisdə aparılan islahatlar da siyasi sistemin yeni konfiqurasiyasının meydana çıxmasına səbəb olmuşdur. 10 Mart 2020-ci il tarixində VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaradılmasının əhəmiyyətini xüsusi vurğulamışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışı zamanı bildirmişdir ki, “Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermişdir. Bəyan etmişdir ki, Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır. Bu, əslində, seçkilərin tanınması deməkdir. O ki qaldı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyinə, bu dəfə görünür ki, ciddi hadisə baş vermədiyi üçün onlar da məcbur olub öz məruzəsini müəyyən dərəcədə balanslaşdırılmış formada təqdim etsinlər. Halbuki, biz çoxdan bilirik ki, onların məruzələri seçkilərdən əvvəl yazılır və harada yazılır, onu da biz bilirik. Bir də ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun son dövrdəki bəyanatları və bəzi ölkələrdə seçkilərə verilən qiymət bir daha onların nə dərəcədə qeyri-obyektiv, qərəzli olmasını göstərir və nümayiş etdirir ki, bu qurum siyasi sifariş icra edir. Son misal 2018-ci ildə Ermənistanda keçirilmiş parlament seçkiləri idi. Bildiyiniz kimi, bu seçkilər ovaxtkı hakim faşist respublikaçılar partiyası tərəfindən tam saxtalaşdırılmışdı, - mən bu partiyanı faşist adlandırıram, təkcə onların ideologiyasına, onların mahiyyətinə görə yox, eyni zamanda, onların embleminə baxmaq kifayətdir ki, hər kəs görsün, faşist Almaniyasının emblemi ilə onların emblemi fərqlənmir, - və Respublikaçılar partiyasının özünə 50 faizdən çox səs yazdırdığı bu saxtalaşdırılmış seçkilərə ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu müsbət rəy vermişdi. Bir sözlə, bu saxtakarlığa şərik çıxmışdır və ondan sonrakı hadisələr hər kəs üçün bəllidir. Ondan sonra bu qanunsuz və korrupsioner rejim devrildi, onları guya Ermənistan parlamentində təmsil edən deputatlar təslim oldu, əllərini qaldırdılar, boyunlarını bükdülər və kənara çəkildilər. Yeni parlament seçkiləri elan edildi və yeni parlament seçkilərində respublikaçıların faşist partiyası heç parlamentə girə bilmədi. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, 2 və ya 3 ay ondan əvvəl saxtalaşdırılmış seçkilərin nəticələri göz qabağındadır və bu nəticələrə, bu saxtakarlığa ATƏT Demokratik Təsisatlar və İnsan haqları Bürosu öz müsbət rəyini vermişdi. Yəni, sadəcə olaraq, bunu misal kimi gətirməklə bir daha demək istəyirəm ki, bu qurumun rəyi bizim üçün tamamilə əhəmiyyətsizdir. Çünki bu rəy yenə də siyasi sifariş əsasında yazılır və bu, elə bil ki, bəzi dövlətlərin aparıcı dairələrinin bir təzyiq üsuludur”.

Çıxışı zaman cənab İlham Əliyev deputatlara da tövsiyə edərək bildirmişdir ki, “Onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar. İndi sirr deyil, əvvəlki dövrlərdə bəzi deputatlar seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşmışdılar. Heç öz dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Öz şəxsi problemlərini ortaya qoyurdular. Buna da son qoyulmalıdır. Əvvəllər belə hallar kifayət qədər çox olubdur. Öz qohumlarını vəzifələrə yerləşdirmək, hansısa torpaq sahələri əldə etmək, hansısa biznesə dəstək göstərmək və sair və ilaxır. Mən dərinə getmək istəmirəm. Ona görə yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki bizim əsas islahatlarımızın mahiyyəti də budur. Əgər bizim vətəndaşlar yaxından baxsalar görərlər ki, siyasi sahədə, struktur islahatları, kadr islahatları, vəzifələrə gətirilən kadrlar təmizdirlər. Yəni, onların arxasında heç bir, necə deyərlər, mənfi iz yoxdur. Milli Məclis də, onun deputatları da bu meyarlara cavab verməlidirlər. Sabah siz xalq qarşısında cavab verməli olacaqsınız. Ona görə siz seçildiyiniz dairələrin problemləri ilə daim maraqlanmalısınız, seçicilərlə görüşməlisiniz, dairələrdə olmalısınız. Eyni zamanda, mövcud olan problemləri də üzə çıxarmalısınız. Bunları icra orqanlarının qarşısına çıxarmalısınız, mərkəzi icra orqanlarının diqqətinə çatdırmalısınız. Hesab edirəm ki, yeni tərkibdə formalaşan Milli Məclis bu sahədə də uğurlu fəaliyyət göstərəcək”. Azərbaycan Prezidenti İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı deputatlara edilən tövsiyədən sonra Milli Məclisin deputatları seçildikləri dairələrin problemləri ilə daim maraqlanır, seçicilərlə işin daha müasir və operativ qurulmasına, fəaliyyətlərində hesabatlılığa xüsusi diqqət verərək, seçicilərlə sıx təmasda olmağa xidmət edir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası VI çağırış Milli Məclisi demokratiya və hüquqi dövlət təcrübəsinin yeni modeli kimi xarakterizə edilə bilər. İşinin öhdəsindən lazımınca gələn VI çağırış Milli Məclisin fəaliyyəti, eyni zamanda, siyasi sistemin tərəqqisi, struktur bölmələrinin təkmilləşməsi baxımından olduqca əhəmiyyətli olmuşdur.

Milli Məclisin deputatı,
Rauf Əliyev

Xəbər lenti

Xəbər lenti