Bakı. Trend:
Aydın Quliyev yazır...
Azərbaycan əleyhinə Ermənistanın hərbi, siyasi və diplomatik cəhətdən daha da qüvvətləndirilməsinə hesablanmış 5 aprel Brüssel görüşü ilə bağlı yeni təzahürlər üzə çıxmaqdadır. Əvvəlcə ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Millerin "Brüssel görüşü Ermənistanın İQTİSADİ MÜQAVİMƏTLİLİYİNİN artırılmasına yönəlib" bəyanatı ilə Azərbaycana mesaj verməyə çalışdılar ki, burada sizə qarşı hər hansı hazırlıq yoxdur və sair.
Təbii ki, mesaj havada qaldı və Azərbaycanı "Brüsseldə müzakirələrin müharibə hazırlıqları ilə əlaqəsi yoxdur" kimi bir şeyə inandırmaq mümkün deyil. Əgər müharibədən sonrakı 3,5 ildə Ermənistan sülhə yox, yeni hərbi quruculuğa üstünlük verirsə, Azərbaycan Brüssel görüşünə necə şübhə etməyə bilər?!
Millerin Brüssel görüşünün hərbi məzmununu ört-basdır edərək, ona "İQTİSADİ MÜQAVİMƏTLİLİK" deyə yanıldıcı ideya fonu vermək cəhdindən sonra oxşar qəbildən başqa hadisə baş verdi. Avropa Birliyinin xarici siyasət xidmətinin əməkdaşı Peter Stano da bəyanat verdi.
Cənab Stano bəyan etdi ki, "Brüsseldə Azərbaycan-Ermənistan münasibətləri, normallaşma və sülh prosesinə aid məsələlərə baxılmayacaq, Avroittifaqla Ermənistan arasında sazişin sonadək icrası və yeni Tərəfdaşlıq proqramı əsasında Ermənistanın stabilliyini və dayanıqlılığını artırmaq əsas hədəfdir, stabil və dayanıqlı Ermənistan daha stabil Cənubi Qafqaz deməkdir".
Bunlar cənab Stanonun ümumiləşmiş mövqeyidir, diqqətlə təhlil edəndə onların arxasında Azərbaycana qarşı hansı planların və niyyətlərin əsas icraçısı rolunda Ermənistanın seçildiyinə şübhə yeri qalmır.
Əvvəla, Brüsseldə Azərbaycan-Ermənistan normallaşma məsələlərinin müzakirə edilməyəcəyi barədə bəyanat "fəlakətin müjdəsini" verməkdən başqa bir şey deyil. Niyə? Çünki bölgənin ən ciddi probleminin iki ölkə arasında sülh sazişi olduğu halda, Stano bu məsələnin müzakirə edilməyəcəyini guya xoş xəbər kimi təqdim edir. Sülh məsələsinin müzakirə edilməyəcəyi daha pis xəbərdir. Əgər Avropa rəsmisi bu anormallığı xoş xəbər kimi verirsə, deməli, o görüşdə Ermənistanın Azərbaycanla nəinki sülhə təşviq edilməsindən söz getməyəcək, üstəlik, Ermənistan Azərbaycana qarşı daha aqressiv hazırlıqlara həvəsləndiriləcək.
İkincisi, necə yəni "stabil Ermənistan stabil Cənubi Qafqaz deməkdir"? Ermənistan özünün 90-cı illərdən başlayan aqressiv bölgə siyasəti ilə regional sabitliyin necə dayağı ola bilər? Hazırda təcavüzkar siyasətinə görə kapitulyasiya edildiyi üçün revanş niyyəti ilə yaşayan bir ölkə hansı məntiqlə regional sülhün dayağı ola bilər? Aqressiv siyasət səbəbindən bütün regional layihələrdən kənarda qoyulmuş və xaricilərin dilənçi yardımı hesabına yaşayan ölkə regional sabitliyin dayağı yox ,heç çöpü də ola bilməz.
Ermənistanın istənilən iqtisadi göstəricilərini müqayisəli təhlil etsəniz, bu ölkənin heç "öz qarnını belə doyurmaq" gücündə olmadığını görərsiniz. Ancaq cənab Stano, deyəsən, bunu görmək istəməyib. Cənubi Qafqazda stabilliyin açarı və dayağı rolunu faktiki olaraq oynayan Azərbaycanı bu statusda Ermənistanın ayağına vermək ikili standartların ən bariz təzahürüdür.
Ermənistan hakimiyyəti regional sabitliyin əsası kimi götürülə biləcək bircə ideya, təşəbbüs göstəribmi?! Xeyr! Ancaq Azərbaycan Prezidentinin "regional stabillik oxu" sayılan bir neçə orijinal təşəbbüsünü və ideyasını xatırlatmaq olar...
Beləliklə,regional sülhə çeşidli təhlükələr vəd edən 5 aprel Brüssel görüşünün əsl mahiyyətini ört-basdır etməyə yönəlmiş hələlik 3 yanıldıcı ideya görürük:
1. Metyu Millerə ( ABŞ) məxsus "İQTİSADİ DAYANIQLILIĞIN artırılması" ideyası - bu ideya ilə Ermənistanın yeni aqressiyalara ( fərqi yoxdur Azərbaycan, ya Rusiya əleyhinə) hazırlaşdırıldığını gizlətmək istəyirlər.
2. Peter Stanoya (Avropa Birliyi) məxsus "STABİL ERMƏNiSTAN STABİL CƏNUBİ QAFQAZ deməkdir" ideyası - bu ideya ilə guya bütün Cənubi Qafqazın rifahına yönəldilmiş vahid strategiyanın aparıldığı nümayiş olunur.
3. "Brüssel formatı 3-cü ölkəyə qarşı çevrilməyib" - Ermənistanın özü və Avropa Birliyi tərəfindən irəli sürülən bu ideya isə "Azərbaycanı arxayınlaşdırmaq və başının altına yastıq qoymaq" məqsədi güdür.
Ancaq Azərbaycanın strategiyası etibarlı əldədir.