...

ABŞ-Rusiya gərginliyinin YENİ EPİSENTRİ - Qərbin təzə qurbanı Cənubi Qafqazda

Siyasət Materials 14 İyun 2024 10:47 (UTC +04:00)
ABŞ-Rusiya gərginliyinin YENİ EPİSENTRİ - Qərbin təzə qurbanı Cənubi Qafqazda
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanı Rusiyanın təsirindən qurtarmaq Qərbin hazırda qarşıya qoyduğu əsas vəzifələrdən biridir. Bunun üçün artıq istər ABŞ, istərsə də Qərbin bir çox diplomatik dairələrində rəsmi İrəvanla təmaslar nəzərəçarpacaq dərəcədə artmaqdadır. Bu ilin son bir neçə ayına nəzər salmaq deməyə əsas verir ki, "kor tutduğundan əl çəkmədiyi kimi" ABŞ-Qərb tandemi də bu planında çox istəklidir.

Xüsusilə son zamanlar ABŞ və Ermənistan arasında müxtəlif sahələrdə əməkdaşlıq daha geniş vüsət alıb. Bu sözləri hərbi sahəyə daha çox aid etmək olar. Belə ki, aprelin 1-də Ermənistan Müdafiə Nazirliyi ABŞ hərbi təlimatçılarının ölkəyə gəldiyini açıqladı.

Təkcə onu demək kifayətdir ki, son bir ildə amerikalı hərbi təlimçilər dəfələrlə Ermənistanda erməni hərbçilərə təlim keçiblər. Bununla yanaşı, ötən il dekabrın 5-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ müdafiə nazirinin müavini Laura Kuperlə görüşü baş tutub. Həmin görüşdə hərbi müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Regionda işğalçı ölkə kimi tanınan Ermənistan tərəfi ilə bu cür görüşlərdən sonra bir sıra maraqlı suallar ortaya çıxır: ABŞ Ermənistanla hərbi əməkdaşlığı dərinləşdirməklə hansı məqsədləri güdür?

Bununla Qərb və ABŞ Ermənistan ictimaiyyətini və hazırkı hakimiyyəti inandırmağa çalışır ki, Rusiyadan fərqli olaraq, bizim sizə olan dəstəyimiz bütöv və axıradək olacaq. Bu, eyni zamanda, Ermənistandakı revanşist qüvvələrin yenidən Azərbaycana qarşı ərazi iddialarını alovlandırmağa cəsarətləndirmək məqsədi daşıya bilər.

Hadisələrin bu cür inkişafı Cənubi Qafqazda Rusiya hegemonluğunun bitməsi adına Qərb üçün çox vacib görünür. Məhz bu planın reallaşması üçün isə Ermənistan kartı ABŞ və Qərbin bəzi dairələrində ən uyğun variant hesab edilir.

Ermənistan konstitusiyasında qonşu dövlətlərə qarşı ərazi iddialarının yer alması sözügedən ermənipərəst dairələrə imkan yaradır ki, Azərbaycan Ermənistanla masadaca razılığa gələnə kimi vəziyyəti yenidən qarışdırsın. Son proseslərdən ortaya çıxan görüntü də düşünməyə əsas yaradır ki, başlıca məqsəd də hazırda budur.

Qərb, xüsusilə ABŞ Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlığın gücləndiyindən narahatdır. Belə olduğu təqdirdə başda ABŞ olmaqla, Fransa, Hindistan kimi ermənipərəst dövlətlər rəsmi İrəvanın sülhə gəlməsinə mane olmağa çalışırlar. Bu gün rəsmi Vaşinqtonun Ermənistanla hərbi sahədə əlaqələrini şaxələndirməsi və erməni hərbçilərinə təlimlər keçirilməsində əsas məqsəd Ermənistan vasitəsilə region ölkələrini nəzarətdə saxlamaqdır.

Lakin görünür, regionda yaranan yeni geosiyasi reallığı hələ də qəbul edə bilməyən sözügedən qüvvələr bölgədə yeni eskalasiyanın Ermənistan üçün hansı hadisələrlə nəticələnəcəyini çək-çevir etməyiblər. Rəsmi İrəvandan sülhlə bağlı son bəyanatlara nəzər saldıqda ilkin təssürat Ermənistan rəhbərliyinin reallığı qəbul etməyə başlaması kimi görünür. Lakin Ermənistan hakimiyyəti Rusiyanın təsirindən çıxmaq xülyasının yalnız Qərb vasitəsilə mümkün olacağına istinad edərək, okeanın o tayından gələn tapşırıqlar əsasında addımlar atmağı gözə alır.

Belə olmasaydı, ABŞ ilə Ermənistan hökuməti arasındakı son təyyarə reyslərinin sayı birdən-birə bu qədər artmazdı. Necə ki, bir neçə günə yenədən ABŞ rəsmisinin İrəvana səfəri planlaşdırılır. Daha dəqiq desək, ABŞ dövlət katibinin idarəetmə və resurslar üzrə baş müavini Riçard Verma iyunun 17-də Ermənistana səfər edəcək. Dövlət Departamentinin yaydığı məlumatda bildirilir ki, R.Verma Ermənistan-ABŞ forumunda iştirak edəcək, həmçinin, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. Qeyd edək ki, bundan əvvəl dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen Ermənistanda səfərdə olub.

Bunu nəzərə alaraq Vermanın Ermənistan səfərinin əsl məğzinin nədən ibarət olduğunu anlamaq elə də çətinlik yaratmamalıdır. Ağ Ev Cənubi Qafqazda Rusiyaya kontrol atışı etməyə hazırlaşır. Bunun üçün Ermənistan tərəfi hər şeyini verməyə hazır görünür. Kreml divarları arasında bunun gərginliyi hər rəsmisinin açıqlamasından aydın sezilir.

Ermənistan baş naziri Nikol Paşinyanın Kollektov Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacaqlarını rəsmən elan etməsi Rusiya üçün həyəcan təbilidir. Nəzərə alsaq ki, Ermənistan təşkilatda fəaliyyətini məhdudlaşdırsa da, indiyə qədər çıxmaqla bağlı yüksək səviyyədə mövqe açıqlamamışdı. Rəsmi İrəvanın KTMT ilə bağlı sərgilədiyi bu mövqe daha çox Azərbaycan qarşısında təşkilatın dəstəyini qazanmaqdan daha çox Rusiyanın mövqeyini zəiflətmək, nüfuzunu ayaqlar altına atmaq və Qərb qarşısında qiymətini artırmağa hesablanmış görünür.

Paşinyanın Belarus prezidenti Aleksandr Lukaşenkonun ünvanına sərt tənqid səsləndirməsi və bu ölkədəki səfirini geri çağırmasının əsl səbəbi İrəvanın KTMT-ni tərk etməyə hazırlaşması ilə əlaqədardır. Bəllidir ki, Belarus Rusiyanın əsas strateji müttəfiqidir. Paşinyan Rusiya ilə birbaşa qarşıdurmadan çəkindiyinə görə onun müttəfiqini hədəf seçib ki, bir gün KTMT-dən ayrıldıqda narazılığının ünvanı kimi Belarusu göstərsin. Paşinyan hakimiyyti anlayır ki, Moskva ilə kəllə-kəlləyə gəlmək üçün Qərbin ona verəcəyi "sehrli buynuzlar" belə gücsüz görünə bilər. O səbəbdən demək olar ki, İrəvan Rusiyanın orbitindən çıxmaq üçün daha ehtiyyatlı davranmağa, daha təhlükəsiz yol seçməyə başlayıb. Bunun Paşinyan hakimiyyəti üçün nə dərəcədə effektiv olacağı yaxın gələcəkdə bilinəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti