Bakı. Trend:
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iyulun 31-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qarşıdan gələn Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar seçki müşahidə missiyasının rəhbəri Ditmir Buşati ilə görüşüb.
Bu barədə Trend-ə MSK-dan məlumat verilib.
M.Pənahov missiyanın rəhbəri və üzvlərini salamlayaraq MSK-da keçirilən görüşdən məmnunluğunu ifadə edib. Seçkilərin geniş aşkarlıq və şəffaflıq mühitində hazırlanıb keçirilməsində müşahidəçilik institutunun mühüm rol oynadığını vurğulayan M.Pənahov, beynəlxalq müşahidəçilərin Azərbaycanda keçirilən seçkilərə böyük maraq göstərməsini yüksək qiymətləndirib. O, həmçinin rəhbərlik etdiyi ali seçki qurumunun beynəlxalq təşkilatlarla əməkdaşlığa açıq olduğunu, istər MSK, istərsə də aşağı seçki komissiyalarında proseslərin müşahidəçilər və bütün maraqlı subyektlər üçün şəffaf reallaşdırıldığını diqqətə çatdırıb.
Səmimi qəbul və görüş üçün təşəkkürünü bildirən D.Buşati Azərbaycanda olduqları müddətdə MSK ilə yaxından əməkdaşlıq ediləcəyini deyib. Müşahidə missiyasının rəhbəri, eyni zamanda MSK sədrindən Milli Məclisə seçkilərə hazırlıqların gedişi barədə məlumat verilməsini xahiş edib.
M.Pənahov Komissiyanın maarifləndirmə proqramı çərçivəsində seçicilər və aşağı seçki komissiyalarının üzvləri də daxil olmaqla, fərqli statuslu seçki iştirakçıları üçün reallaşdırılan və nəzərdə tutulan genişmiqyaslı layihələr, seçici siyahılarının davam etməkdə olan dəqiqləşdirilmə prosesi, namizədlərin irəli sürülməsi və qeydə alınması, seçkiqabağı təşviqatla bağlı yaradılan imkanlar barədə ətraflı məlumat verib. Sədr bildirib ki, 2024-cü il Azərbaycan Respublikası Prezidenti seçkilərindən sonra Milli Məclisə seçkilər də ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçiriləcək. Otuz illik işğaldan sonra azad olunmuş regionlardakı səsvermə hüququna malik vətəndaşlarımızın konstitusion hüquqlarının təmin edilməsi üçün həmin ərazilərdəki daimi seçki məntəqələrinin sayı daha da artırılaraq 34-ə çatdırılıb.
Qonaqların suallarını cavablandıran MSK sədri həmişə olduğu kimi, yenə də seçki müşahidə missiyasının üzvlərini istədikləri vaxt Komissiyanın fəaliyyətini və həyata keçirilən prosesləri birbaşa izləməyə dəvət edib, bunun üçün hər cür imkan yaradıldığını diqqətə çatdırıb.
Görüş zamanı, həmçinin Milli Məclisə seçkilərlə bağlı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.