Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub.
Trend xəbər verir ki, Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına hoteldə yaradılacaq şərait barədə məlumat verdi.
Bildirildi ki, ümumi sahəsi 5 min kvadratmetrə yaxın olan hotel beş mərtəbə və zirzəmi qatından ibarətdir. Hoteldə müxtəlif tipli 44 otaq olacaq. Burada ən müasir iaşə məkanları - “lobby lounge”, kafe, açıq və qapalı restoranlar da fəaliyyət göstərəcək.
“Xankəndi” Mehmanxana Kompleksinə aid olan “Bulud” hotelində 50 nəfərdən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub.
Xankəndinin mərkəzində yerləşən “Bulud” hotelindən açılan gözəl mənzərə qonaqların zövqünü oxşayacaq.