Bakı. Trend:
Beynəlxalq Frankofoniya Təşkilatının Fransanın açıq dəstəyi ilə Ermənistan tərəfindən sui-istifadəsi təəssüf doğurur.
Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Beynəlxalq Frankofoniya Təşkilatında Ermənistan və Fransanın təxribatçı addımlarının iflasa uğramasına dair bəyanatında deyilir.
“Üzv dövlətlər arasında mədəni-humanitar əməkdaşlıq sahəsində
mandata malik olan Beynəlxalq Frankofoniya Təşkilatının (BFT)
Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən
sui-istifadə edilməsi ciddi təəssüf doğurur.
Fransa Azərbaycanın üzv olmadığı bu təşkilatda onun suverenliyi və
ərazi bütövlüyünü hədəf alan müddəaları təşkilatın sammitinin
qətnaməsinə daxil etmək üçün sədrlik statusunu kobud şəkildə
istismar etmiş, çoxtərəfli diplomatik formatlarda sənədlərin
hazırlanması ilə bağlı ümumi qəbul edilmiş praktikanı və elementar
çoxtərəfli danışıq qaydalarını açıq şəkildə pozaraq, bir neçə üzv
dövlətin məlum müddəalarla bağlı təkliflərini müzakirə etməyə belə
imkan verməyib.
Nəticə etibarilə, Ermənistan tərəfinin guya BFT Sammitində qəbul
olunduğunu iddia etdiyi müddəalar əslində təşkilatda konsensus
qazanmayıb, bəzi müddəalara etiraz olaraq sənədə qeyd-şərt əlavə
edilib.
Beləliklə, hətta Azərbaycanın üzv olmadığı bir platformada belə
Ermənistanın özünün saxta hekayələrini beynəlxalq ictimaiyyətə
qəbul etdirmək cəhdləri Fransanın açıq dəstəyinə baxmayaraq iflasa
uğrayıb.
Qərar qəbuletmə qaydalarının açıq-aşkar pozulması yolu ilə əslində
mədəni-humanitar məsələlərin müzakirəsi üçün nəzərdə tutulmuş bir
təşkilatın sənədinə konsensus əldə edilmədən salınmış, Ermənistan
tərəfinin “diplomatik qələbə” kimi təqdim etməyə çalışdığı
sözügedən müddəaların heç bir siyasi və hüquqi dəyəri yoxdur.
BFT çərçivəsində baş verənlər Ermənistanın sülh prosesində maraqlı
olmadığını, mümkün hər fürsətdə Azərbaycanın suverenliyi və ərazi
bütövlüyünə qəsd etmək niyyəti güddüyünü və Fransanın özünün dar
maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürü kimi
dəyərləndirilməlidir.
Azərbaycan tərəfi Fransanın açıq təhdid və şantajlarına rəğmən,
beynəlxalq hüquqa və BFT-nin humanitar mandatına dönməz sadiqlik
göstərərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hədəf
alan və normallaşma prosesinə xələl gətirən pozucu fəaliyyətə
qətiyyətlə qarşı çıxdıqlarına görə tərəfdaş BFT üzv dövlətlərinə
təşəkkürünü bildirir.
Azərbaycan tərəfi Ermənistanı bu kimi pozucu addımlardan əl
çəkməyə, normallaşma prosesinin məntiqi sonluğa çatdırılması
yolunda qalan əngəlləri, ilk növbədə bu ölkənin konstitusiyasında
və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi
iddiaları ehtiva edən müddəaları dəyişmək istiqamətində siyasi
iradə və məsuliyyət nümayiş etdirməyə çağırır.
Ermənistan tərəfi ya bu yolla normallaşma prosesini yekunlaşdırmaq
ya da bütün müstəvilərdə qarşıdurmanı davam etdirmək arasında seçim
etməlidir. Azərbaycan tərəfi özünün irəli sürdüyü və siyasi
müdriklik və məsuliyyət hissi ilə ardıcıl şəkildə irəlilətdiyi
normallaşma prosesinə sadiqdir”, - deyə bəyanatda bildirilir.