...

Sülh adına imitasiyalar etmək Ermənistanda rəsmi hakimiyyətin bir adəti halını alıb - Deputat

Siyasət Materials 10 Oktyabr 2024 12:12 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu danılmaz bir həqiqətdir ki, yalan bəyanatlar vermək, riyakarlıq, sülh adına imitasiyalar etmək Ermənistanda rəsmi hakimiyyətin bir adəti halını alıb. Yəni bu, Nikol Paşinyandan əvvəl necə idisə, indi də elədir. Əgər N.Paşinyandan əvvəlki Ermənistan rejimi bir tərəfdən Azərbaycanla danışıqlar masasında oturub, digər tərəfdən təxribatlarını davam etdirirdisə, N.Paşinyan da dünyanın müxtəlif yerlərində Azərbaycan Prezidenti ilə danışıqlar masasında oturmaqdan qaçdığı halda, utanmadan sülh müqaviləsini imzalamağa hazır olduğunu iddia edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, son vaxtlar tutuquşu kimi dilindən “sülh müqaviləsi” kəlməsi düşməyən Nikol Paşinyan Moskvada özünü bir daha ifşa etdi: “Bəlli oldğu kimi Ermənistanın Baş naziri oktyabrın 8-də Moskvada üçtərəfli görüşdən imtina etdi. Bu azmış kimi Ermənistan 2 deklorasiyanı imzalamaqdan da imtina etdi. Təbii ki, burada məsələnin iki tərəfi var. Birinci tərəfi budur ki, həmin addım Nikol Paşinyanın Rusiyaya qarşı, özü də Moskvda demarşıdır. Görünür N.Paşinyan bununla bağlı Qərbdəki ağalarından qəti göstəriş alıb”.

Millət vəkili deyib ki, məsələnin digər bir yanı isə Nikol Paşinyan rejiminin riyakarlıq, sülh adına imitasiya siyasətinin növbəti təzahürü ilə bağlıdır. “Yəni bir tərəfdən Azərbaycanla sülh sazişini imzalamağa hazır olduğunu iddia edən N.Paşinyan digər tərəfdən danışıqlar üçün masada oturmaqdan imtina edir. Xatırladım ki, eyni hal bu ilin yayında Londonda da baş vermişdi. Həmin vaxt Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya tərəfindən tərəflər arasında görüşün keçirilməsi təklifi ilə çıxış edilmişdir və bunun Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında baş tutmuş görüş formatında olması təklif olunurdu.

Belə ki, Münxen Təhlükəsizlik Konfransında da Almaniyanın kansleri Olaf Şolts görüşün əvvəlində iştirak etmiş və bundan sonra görüş ikitərəfli formatda Azərbaycan və Ermənistan arasında davam etmişdi. Böyük Britaniya tərəfindən ev sahibi olaraq eyni formatlı görüş təklif olunurdu. Amma Ermənistan tərəfi bundan imtina etdi. Ermənistanın həm Londonda, həm də Moskvada təklif edilən görüşdən imtina etməsi isə qeyd etdiyimiz kimi rəsmi Yerevanın siyasi riyakarlığının ən bariz sübutudur”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti