Bakı. Trend:
Azərbaycan bu zəfəri ilə ədalətsizliyə və haqsızlığa qarşı mübarizə aparmağın həm yolunu göstərdi, həm də möhtəşəm nümunəsini beynəlxalq aləmə təqdim etdi.
Trend-in məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Zəfər Gününə həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, dörd il bundan əvvəl münaqişə zəminində münasibətləri həyata keçirən iki ölkə arasında indi sülh gündəliyi qərarlaşıb:
"İndi iki ölkə arasında əməkdaşlıq və kommunikasiyalar haqqında söhbət aparılır. Hesab edirəm ki, bu, Azərbaycanın regionun təhlükəsizliyi, regionda sülhün bərqərar olmasına verdiyi böyük töhfə hesab oluna bilər.
Amma Azərbaycanın əldə etdiyi bu möhtəşəm zəfərin həm də böyük beynəlxalq əhəmiyyəti var. Azərbaycan bu zəfəri ilə dünyada uzun sürən münaqişələrindən birinə son qoydu. Beləlikə, beynəlxalq sülhə və əməkdaşlığa özünün əhəmiyyətli töhfəsini verə bildi".