Bakı. Trend:
Dünyada, o cümlədən bizim regionumuzda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi bütün dövrlərdə əsas çağırışlardan olsa da, Qərbin müxtəlif adlar altında bu və ya digər dövlətlərin daxili işlərinə müdaxilə cəhdləri vəziyyəti gərginləşdirir, yeni münaqişə ocaqlarının yaranmasına səbəb olur. Azərbaycanın qonşusu və yaxın dostu Gürcüstanda parlament seçkilərindən sonra siyasi proseslərin gedişi, xüsusilə Qərbdən idarə olunan müxalifətin əsassız olaraq seçkilərin nəticələrinin ləğv olunması və yeni seçkilərin keçirilməsinə yönəlmiş fəaliyyəti aydın göstərir ki, Qərb bu Cənubi Qafqaz ölkəsində “rəngli inqilab” ssenarisi planlaşdırıb və onu nəyin bahasına olursa-olsun həyata keçirməyə çalışır. İnqilabın başlıca məqsədi mövcud hakimiyyəti devirmək və Gürcüstanda qərbmeylli, Qərbdən idarə olunan iqtidar komandası formalaşdırmaqdır.
Beynəlxalq hüququn normalarına əsasən ölkələrin daxili işlərinə müdaxilələr yolverilməz olduğu halda Qərbin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq bu istiqamətdə addımlar atmaqda davam etməsi müxtəlif sualların yaranmasına səbəb olmaya bilməz. Görəsən, bəzi dünya gücləri maraqlarını ədalət və beynəlxalq hüquq prinsiplərindən öndə saxlamaqla bu günədək yaratdıqları gərginliklərin, münaqişə ocaqlarının fərqindədirlərmi? Hər zaman bu çağırış səsləndirilir ki, dünya güclərinin ikili standartlara əsaslanan siyasətinə son qoyulmayanadək vəziyyətin bu şəkildə davam etməsi qaçılmazdır. Hazırda regionda gərginliyin yaradılmasına yönələn addımlar da özündə mühüm məqamları və çağırışları ehtiva edir. Belə ki, Qərbin Gürcüstanda həyata keçirmək istədiyi ssenari 2004-cü ildə postsovet məkanında, o cümlədən Ukrayna və Gürcüstanda reallaşdırılmış “rəngli inqilab”ların, habelə 2014-cü ildə Ukraynada baş vermiş inqilabın yenidən özünəməxsus formada təkrarının təsdiqidir.
Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.
O qeyd edib ki, Gürcüstan seçicilərinin böyük əksəriyyətinin “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasına səs verməsi Qərbin planlarını alt-üst etdi. Artıq o vaxtdan ölkədə vəziyyət daha da gərginləşməyə bağlayıb:
"Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının seçkilərdə qalib gəlməsi xarici dairələrlə yanaşı, Gürcüstandakı daxili antimilli qüvvələri də məyus etdi. Seçkilərdən öncəki vəziyyətə diqqət yetirdikdə bugünkü cəhdlərin əsasında hansı məqsədin dayandığını aydın görmək mümkündür. Avropa İttifaqı və digər Qərb təsisatları Gürcüstanda parlament seçkiləri ərəfəsində iğtişaşlar üçün zəmin hazırlıqlarına başladılar. “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentdə müzakirəsindən sonra məğlubiyyətə uğrayacaqlarını bilən xarici dairələr Tbilisinin küçələrində davamlı etiraz aksiyaları təşkil etməklə niyyətlərinə çata biləcəklərini düşünürdülər. Lakin səsvermə prosesində “Gürcü Arzusu”nu dəstəkləməklə birlik nümayiş etdirən xalq istəyinə nail oldu. Qərbin məqsədi idarə etdiyi Ermənistandan sonra Gürcüstanda da öz maraqlarına uyğun oyuncaq hökumət formalaşdırmaq, Cənubi Qafqazı Qərb-Rusiya qarşıdurması məkanına çevirmək idi. Amma bu çirkin plan baş tutmadı. Parlament seçkilərinin seçicilərin istəyinə uyğun nəticələnməsində dost gürcü xalqının yanında olduğunu bildirən Azərbaycan Qərbə birmənalı olaraq göstərdi ki, onun regionda heç bir inqilab ssenarisi baş tutmayacaq. “Gürcü Arzusu”nun qələbəsi Gürcüstan hakimiyyətinin son illər Qərb şəbəkəsini ifşa etmək istiqamətində göstərdiyi qətiyyətin, atdığı inamlı addımların uğurlu nəticəsi idi. Belə ki, əvvəldə də qeyd etdiyimiz kimi, Gürcüstan hökuməti son vaxtlar Qərbin təzyiq vasitələrinin təsirini minimuma endirmək üçün addımlar atmağa başladı və bu səylər artıq müəyyən uğurlara gətirib çıxarıb. Parlamentin “Xarici təsirin şəffaflığı haqqında” Qanunu qəbul etməsi, cinsi azlıqların fəaliyyətini məhdudlaşdıran normativ-hüquqi aktların tətbiqi, habelə hökumətin ölkənin 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirməməyə qərar verməsi Gürcüstan hakimiyyətinin bu təhlükəni gördüyünü və əks tədbirlər reallaşdırdığını nümayiş etdirir".
V.Rəhimzadənin sözlərinə görə, artıq yayılmış məlumatlar da təsdiq edir ki, Qərb Ukraynanın parçalanması ssenarisini gerçəkləşdirir.
"Neçə illərdir Ukrayna xalqına Qərb mərkəzlərinin verdiyi vədlər yerinə yetirilmir, ölkə sözün əsl mənasında həm iqtisadi, həm də insan resursları baxımından fəlakətli vəziyyətlə üzləşib. Qərb ümumilikdə hibrid müharibələr vasitəsilə postsovet məkanında ayrı-ayrı ölkələrin müqəddəratı, milyonlarla insanın canı və qanı bahasına qaynar nöqtələr yaratmaq planını gerçəkləşdirməyə çalışır. Eyni ssenarinin qarşıdan gələn dövrdə parlament seçkiləri keçiriləcək Serbiyada da təkrarlanması gözlənilir", - o əlavə edib.
Deputat bildirib ki, hazırda Qərbin nəzarətində olan siyasi partiyaların, medianın, QHT-lərin, diplomatların Gürcüstanda sabitliyi pozmaq xəttini tutduğu aydın görünür. Gürcü xalqı Qərbin və onun təəssübkeşlərinin əsl niyyətinin nədən ibarət olduğunu yaxşı anlayır və buna ciddi müqavimət göstərir. Gürcülər yaxşı bilirlər ki, xarici təsirlərin sarsıdıcı nəticələrindən sığortalanmağın yeganə yolu regional birlikdən, xüsusilə Azərbaycanla əlaqələri daha da gücləndirməkdən keçir. Azərbaycan və gürcü xalqları bir yerdə olduqca və eyni hədəfə doğru irəlilədikcə regionu qeyri-sabitlik məkanına çevirmək cəhdləri heç bir nəticə verməyəcək. Dövlətimizin başçısı İlham Əliyevin “Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!” çağırışı regionda gərginlik yaratmağa cəhd edən Qərb dairələrinə ciddi mesajdır.
V.Rəhimzadə bildirib ki, region dövlətləri arasında yalnız Ermənistan xarici dəstəkçilərinin çaldığı hava ilə oynayır və onların maraqlarının icraçısı olmaqdan geri çəkilmək istəmir. Bu gün də Qərbin dəstəyi ilə silahlanan Ermənistan özünün fəlakətli sonluğuna doğru irəliləməkdə davam edir. Qərbin Gürcüstan ssenarisinin pozulması Ermənistan hakimiyyətinin ümidlərini sarsıtdı. Ermənilər Qərbin Ukrayna ilə bağlı planının da baş tutacağını düşünür, Ermənistan hakimiyyəti planlarını bu istəyindən çıxış edərək qururdu. Ancaq son dövrlər Rusiya-Ukrayna cəbhəsində müşahidə olunan proseslər ermənilərin bu arzusunun da puça çıxdığını göstərir.
Deputat belə bir ümumiləşdirmə aparıb ki, Azərbaycan tarixi Zəfəri, suverenliyini tam bərpa etməsi ilə regionda, eyni zamanda, dünya siyasətində yeni reallıqlar yaradıb. Bu reallıqlar dünyaya sülh, təhlükəsizlik, ən əsası ədalət və beynəlxalq hüquq prinsiplərinə hörmət etmək çağırışıdır. Bəzi dünya gücləri bu prinsiplərin maraqlarının arxasında dayanmasının hansı problemlərə yol açdığının fərqində olmalıdır.