Bakı. Trend:
Son illərdə Avropada Birləşmiş Ştatlardan asılılığın azaldılması zərurəti ilə bağlı müzakirələr getdikcə daha da qızışır. Bu mövzu xüsusilə Avropa İttifaqı ilə Vaşinqton arasındakı ziddiyyətlərin fonunda aktuallıq qazanıb. Xüsusən də indi, Donald Trampın ikinci prezidentliyi dövründə, o, transatlantik birliyə skeptik münasibətini açıq şəkildə nümayiş etdirib və Avropa müttəfiqlərinin dəyərini dəfələrlə ironik tərzdə şərh edib.
Bu narahatlıqlar bu gün də davam edir. Brüsselin kuluarlarında Avropanın gələcəyi, onun problemlərini müstəqil şəkildə həll etmə qabiliyyəti barədə narahat söhbətlər getdikcə daha tez-tez eşidilir. Və bu gərgin şəraitdə avropalılara çətinliklə başa gələn bir etiraf səslənir.
"– Bilirsiniz..." – Avropa Komissiyasının məmuru yorğun halda gicgahlarını ovuşdurub dərindən nəfəs aldı, sanki söyləmək istədiyi sözlər ona çətinlik yaradırdı. – "Azərbaycan... Bəli, bunu etiraf etməliyik - onsuz bu gün keçinmək mümkün deyil".
İstəksiz danışırdı, sanki bu sözlər ona çətin gəlirdi. Səsində narahatlıq hiss olunurdu, elə bil ki, reallıqla barışmaq məcburiyyətində qalan bir insanın daxili gərginliyini ifadə edirdi.
– Əlbəttə, başqa cür olmasını istərdik... İstərdik ki, Avropada daha güclü olaq, yalnız özümüzə güvənə bilək. Amma reallıq belədir ki, Azərbaycan olmadan müstəqil enerji arxitekturası qurmaqla bağlı ambisiyalarımız boş sözlərdən başqa bir şey deyil. Cənub Qaz Dəhlizi, Xəzər nefti, bizi hər böhran qarşısında titrəməyə məcbur etməyən tədarüklər - bunların hamısı Bakıdan gəlir.
O, barmaqları ilə masanın üzərində narahatlıqla ritm tutaraq bir qədər dayandı.
– Sizcə, bizə bunu etiraf etmək xoşdur? Sizcə, bizim öz klubumuza daxil olmayan, öz qaydaları ilə oynayan bir ölkədən asılı olmaq xoşumuza gəlir? Problem budur ki, sadəcə, seçimimiz yoxdur. Amerikalılar istənilən an “əyləci” basa bilər və enerji bazarımız iflic olar. Rusiya... bunu izah etməyə ehtiyac yoxdur. Amma Azərbaycan... Bakı yeganə tərəfdaş oldu ki, bizə sadəcə resurs deyil, həm də müstəqillik verə bilir.
O, ağır-ağır nəfəs aldı və sanki özü-özünə deyirmiş kimi əlavə etdi:
– Bəyənsək də, bəyənməsək də gerçək budur - Azərbaycansız Avropa tab gətirə bilməz. Bizə yalnız ümid qalır ki, Bakıda özlərinin bu qədər vacib olduqlarını anlayarlar... və şərtlər irəli sürməyə başlamazlar.
... Avropa İttifaqının strateji müstəqilliyə can atması tamamilə könüllü seçim deyil, daha çox ABŞ-nin qeyri-müəyyən siyasətinə cavab olaraq atılan məcburi addımdır. Trampın prezidentliyi dövründə Avropa liderləri Vaşinqtonun xarici siyasət kursunda gözlənilməz dəyişiklik riski ilə üzləşdilər ki, bu da Aİ-ni öz xarici siyasət gündəmini daha fəal şəkildə inkişaf etdirməyə məcbur etdi.
ABŞ ilə tam əlaqələrin qırılması dərin iqtisadi və siyasi inteqrasiyaya görə az ehtimal edilsə də, Avropa ölkələri üçün müstəqil strategiya qurmaq zərurətini görməməzliyə vurmaq getdikcə daha da çətinləşir. Bu xüsusilə ABŞ-də gözlənilən prezident seçkiləri fonunda nəzərə çarpır. Donald Trampın qayıdışı və ya respublikaçıların qələbəsi yenidən Atlantik tərəfləri arasında gərginliyi artırma ehtimalını gücləndirir.
Avropa İttifaqının strateji müstəqilliyinə gedən yolda əsas maneələrdən biri Rusiya ilə münasibətlərdir. Ukrayna müharibəsinin başlamasından sonra ikitərəfli münasibətlərin pisləşməsinə baxmayaraq, Vaşinqton Moskva ilə özünə sərfəli şərtlərlə münasibətləri normallaşdırmağa cəhd edə bilər. Belə bir ssenari Avropanı çətin vəziyyətə salacaq, xüsusilə əgər Tramp Kremlin dialoqunu Aİ-yə təzyiq aləti kimi istifadə etməyə qərar verərsə.
Hazırda Brüssel Moskvaya qarşı sərt mövqe sərgiləyir və bildirir ki, Ukraynada atəşkəs olsa belə, Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq. Avropa liderləri bu tədbirləri təkcə Kremlə təzyiq vasitəsi deyil, həm də Rusiyanın uzunmüddətli perspektivdə zəiflədilməsi üçün strategiyanın bir hissəsi kimi nəzərdən keçirirlər. Bu baxımdan, Aİ və Moskva arasında yaxınlaşma perspektivi olduqca qeyri-müəyyən olaraq qalır.
Rusiya ilə sərt siyasətin gücləndirilməsi fonunda Brüssel Çin və Mərkəzi Asiya ölkələri ilə münasibətlərdə yeni strategiya formalaşdırmağa çalışır. Çinin iqtisadi ekspansiyası və Avropaya aktiv şəkildə nüfuz etməsi Qərb ölkələrində narahatlıq yaradır. Lakin Aİ anlayır ki, Pekinlə birbaşa qarşıdurma ona fayda gətirməyəcək.
Bunun əvəzinə, Brüssel Rusiyadan yan keçərək və ABŞ-nin dəniz yollarından asılılığı minimuma endirərək alternativ ticarət marşrutlarını inkişaf etdirməyi planlaşdırır. Bu baxımdan ən perspektivli istiqamət kimi Türkiyə, Cənubi Qafqaz, İran və Mərkəzi Asiya ölkələrindən keçən Orta Dəhliz görünür. Bu marşrut Avropaya Pekinlə daha dayanıqlı əlaqələr yaratmaqla yanaşı, ticarətin inkişafı üçün yeni imkanlar da açır.
Aİ-nin Mərkəzi Asiya siyasətinin aktivləşməsi aprel ayında planlaşdırılan Aİ-Mərkəzi Asiya sammitində əsas müzakirə mövzusu olacaq. Bu görüş Azərbaycan üçün strateji əhəmiyyət daşıyır, çünki Orta Dəhlizin əsas marşrutları məhz onun ərazisindən və Gürcüstandan keçir. Beləliklə, Aİ bu bölgədə təsirini nəqliyyat və logistika layihələrini inkişaf etdirməklə gücləndirə bilər.
Eyni zamanda, Cənubi Qafqazda öz strategiyasını uğurla həyata keçirmək üçün Avropa İttifaqı Azərbaycanla konstruktiv əlaqələr qurmalıdır. Azərbaycan regional nəqliyyat dəhlizlərində əsas rol oynayır və etibarlı siyasi tərəfdaşdır. Bakı ilə tam əməkdaşlıq olmadan Avropanın infrastruktur layihələri və regionda sabitliyin təmin edilməsi cəhdləri uğursuzluğa düçar ola bilər.
Azərbaycan artıq uzun müddətdir ki, Avropa və Asiyanı birləşdirən əsas nəqliyyat qovşağı kimi özünü təsdiqləyib. Aİ-nin kommunikasiya yollarını açmaq istəyi, xüsusən də Ermənistan ərazisindən keçən marşrutların bərpası, Azərbaycanın təhlükəsizliyini və bu yollar üzərində nəzarətini nəzərə almadan mümkün deyil.
Avropa İttifaqı Qarabağ müharibəsi nəticəsində Azərbaycanın azad etdiyi ərazilərdə infrastrukturun bərpasında aktiv iştirakda maraqlıdır. Bu layihələr Brüsselə regionda təsirini artırmaqla yanaşı, Bakı ilə konstruktiv dialoq qurmaq üçün yeni imkanlar yarada bilər. Belə təşəbbüslərin dəstəklənməsi iqtisadi əməkdaşlığın dərinləşməsi, sərmayə cəlbi və Qarabağda yeni iş yerlərinin yaradılması üçün mühüm katalizator rolunu oynaya bilər.
Onu da unutmayaq ki, Türkiyə Cənubi Qafqaz regionunda təhlükəsizlik və sabitliyin təmin edilməsində, eləcə də strateji əhəmiyyətə malik logistik marşrutların, xüsusən də Orta Dəhlizin inkişafında mühüm rol oynayır. Avropa İttifaqının (Aİ) strateji planlarında Ankaranın əhəmiyyətini görməməzliyə vurmaq ciddi siyasi risklərə və əldən verilmiş imkanlara səbəb ola bilər.
Türkiyə strateji coğrafi mövqeyə sahib olmaqla Cənubi Qafqazda təhlükəsizlik məsələlərində mühüm oyunçu kimi çıxış edir. Onun Azərbaycanla sıx əlaqələri və regional təşəbbüslərdə fəal iştirakı sabitliyin və təhlükəsizliyin təmin edilməsinə töhfə verir. Birgə hərbi təlimlər və müdafiə sahəsində əməkdaşlıq region ölkələrinin müdafiə qabiliyyətini gücləndirir və potensial təhdidlərin qarşısını almağa kömək edir.
Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Çinlə Avropanı Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirən mühüm ticarət marşrutudur. Bu dəhliz Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsində mühüm rol oynayır və ənənəvi şimal və cənub marşrutlarına alternativ kimi çıxış edir.
Türkiyə bu dəhlizin kritik seqmentini təmin edərək yüklərin effektiv daşınması üçün infrastruktur və logistika imkanları təqdim edir. 2017-ci ildə istifadəyə verilən Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti Orta Dəhliz çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə arasında uğurlu əməkdaşlığın bariz nümunəsidir. Bu dəmir yolu xətti Cənubi Qafqazın dəmir yolu şəbəkəsini Türkiyə ərazisi vasitəsilə Avropa ilə birləşdirir və Avropa bazarlarına birbaşa çıxışı təmin edir.
Bundan əlavə, Türkiyə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində TANAP (Transanadolu Qaz Boru Kəməri) Avropaya Azərbaycan qazının çatdırılmasını təmin edərək Aİ-nin ənənəvi təchizatçılardan asılılığını azaldır.
Türkiyənin strateji əhəmiyyətinə baxmayaraq, Ankara ilə Brüssel arasında münasibətlər gərgin olaraq qalır. Demokratiya, insan haqları və regional siyasət məsələlərində fikir ayrılıqları ikitərəfli münasibətlərdə gərginliyə səbəb olur. Bu xüsusilə Türkiyənin Fransa kimi bəzi Aİ ölkələri ilə münasibətlərində daha qabarıq şəkildə özünü göstərir.
Fransa Aİ-nin regionda strateji siyasətini həyata keçirməkdə aparıcı rol oynamağa can ataraq, Türkiyə, Azərbaycan və Gürcüstanın hazırkı hakimiyyəti ilə çətin münasibətlər yaşayır. Parisin Ermənistanı açıq şəkildə dəstəkləməsi Bakı və Ankaranın narazılığına səbəb olur. Bu ziddiyyətlər Avropanın regiondakı təşəbbüslərinin uğurla həyata keçirilməsinə ciddi maneə yarada bilər.
Aİ-nin Cənubi Qafqazda strategiyasının uğurlu həyata keçirilməsi üçün aşağıdakı məqamlar nəzərə alınmalıdır:
1.Türkiyənin rolunun tanınması: Aİ Türkiyənin regionda təhlükəsizliyin və sabitliyin təminatında, eləcə də strateji nəqliyyat və enerji dəhlizlərinin inkişafında açar rolunu qəbul etməlidir.
2. Balanslı yanaşma: Brüssel Fransa kimi ayrı-ayrı üzv ölkələrin mövqeyindən həddindən artıq asılılıqdan çəkinməli və bütün tərəflərin maraqlarını nəzərə alan balanslı siyasət yürütməlidir.
3. Əməkdaşlığın gücləndirilməsi: Aİ Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistanla konstruktiv əlaqələrin gücləndirilməsi üzərində fəal işləməli, regional layihələr çərçivəsində dialoq və əməkdaşlığı təşviq etməlidir.
Bu tövsiyələr nəzərə alınarsa, Aİ Cənubi Qafqazda öz strategiyasını uğurla həyata keçirə, siyasi riskləri minimuma endirə və regionda mövqeyini möhkəmləndirə bilər.
Cənubi Qafqazda möhkəmlənməyə çalışan Fransanı da nəzərdən qaçırmaq olmaz. Son illərdə rəsmi Paris Cənubi Qafqaz regionunda, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi kontekstində daha aktiv fəaliyyət göstərir. Parisin Ermənistanı dəstəkləməsi Azərbaycan və Türkiyənin narazılığına səbəb olaraq Aİ-nin bu strateji əhəmiyyətli regionda balanslı siyasət həyata keçirməsini çətinləşdirə bilər.
Fransa ənənəvi olaraq, Ermənistana dəstək verib, bu xüsusilə 2020-ci ildəki İkinci Qarabağ müharibəsi zamanı daha qabarıq göründü. 2020-ci ilin noyabrında Fransa Senatı qarabağlı ermənilərin artıq sabiq terrorçu-separatçı xuntasının müstəqilliyini tanımağı tövsiyə edən qətnamə qəbul etdi ki, bu da Azərbaycanın kəskin tənqidinə səbəb oldu. Azərbaycanın Xarici İşlər Nazirliyi bu qətnaməni "təxribat" kimi qiymətləndirdi. Buna cavab olaraq Fransanın Azərbaycandakı səfiri Zaxari Qros bəyan etdi ki, Senatın qətnaməsi Parisin rəsmi mövqeyini əks etdirmir və Fransa "Dağlıq Qarabağ Respublikası"nı tanımır.
2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədindəki toqquşmalardan sonra Fransa Senatı yenidən Azərbaycanın fəaliyyətini pisləyən və Bakıya qarşı sanksiyaların tətbiqini tövsiyə edən qətnamə qəbul etdi. Bu addımlar Fransa ilə Azərbaycan arasındakı gərginliyi daha da artırdı.
Türkiyə Azərbaycanın strateji müttəfiqi kimi Bakının mövqeyini fəal şəkildə dəstəkləyir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Fransanın bu təşəbbüslərinə cavab olaraq, Türkiyə Bakıya diplomatik və hərbi dəstəyini gücləndirdi ki, bu da Ankara ilə Paris arasında münasibətlərin daha da gərginləşməsinə səbəb oldu.
Fransanın Ermənistanı birtərəfli dəstəkləməsi Aİ-nin Cənubi Qafqazda balanslı siyasət aparmaq cəhdlərini çətinləşdirir. Brüssel effektiv vasitəçi olmaq və regionda sabitliyi möhkəmləndirmək üçün münaqişə tərəflərinin, o cümlədən Azərbaycanın və onun müttəfiqi Türkiyənin maraqlarını nəzərə almalıdır.
Bundan əlavə, Aİ-nin Fransa mövqeyindən həddindən artıq asılı olması Avropa diplomatiyasının regiondakı effektivliyini azalda bilər. Uğurlu strategiya üçün Aİ bütün Cənubi Qafqaz ölkələri və onların əsas tərəfdaşları ilə konstruktiv əlaqələr qurmağa çalışmalıdır ki, bu da regionda uzunmüddətli sabitlik və rifahın təmin olunmasına töhfə verə bilər.
Aİ-nin strateji müstəqilliyə nail olmaq cəhdləri müxtəlif maneələrlə üzləşir. 2024-cü ilin oktyabr ayında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell "Avropa öz aktuallığını itirmək riski ilə üz-üzədir" deyərək strateji müstəqilliyin "yaşamaq məsələsi" olduğunu vurğuladı. Fransa prezidenti Emmanuel Makron da "Avropa ABŞ və Çinə nisbətdə üçüncü qütb ola bilər" və "strateji müstəqillik Avropanın vassal olmasının qarşısını almağın açarıdır" bəyanatları ilə bu məsələnin vacibliyini vurğuladı.
Beləliklə, Aİ strateji müstəqilliyini gücləndirmək üçün müxtəlif təşəbbüslər və layihələr həyata keçirməyə davam edir. Lakin tam müstəqilliyə nail olmaq və qlobal arenada mövqeyini möhkəmləndirmək üçün mövcud maneələri dəf etmək və üzv dövlətlər arasında birlik təmin etmək zəruridir.
Avropanın strateji müstəqilliyi sadəcə siyasi konsepsiya deyil, daha çox çətin və cəsarət tələb edən çağırışdır. Bu, dalğaların qabarıb-qalxdığı okeanda səyahətə bənzəyir ki, burada edilən hər bir səhv gəminin batması ilə nəticələnə bilər. Avropa İttifaqı anlayır ki, ənənəvi ittifaqların zəiflədiyi, qlobal oyunçuların isə getdikcə daha fəal şəkildə öz marşrutlarını müəyyən etdiyi yeni reallıqda yalnız kursa kiçik düzəlişlər etmək kifayət deyil - tamamilə yeni xarici siyasət strategiyasının təməlini qurmaq zəruridir.
Fəqət irəliləyiş üçün yalnız qətiyyət kifayət etmir. Brüssel təkcə müstəqil siyasət qurmaq deyil, həm də Vaşinqtona olan köhnə bağlılıqla real müstəqilliyə ehtiyac arasında incə bir tarazlığı qorumaq üçün yüksək diplomatik ustalıq nümayiş etdirməlidir.
Bu yeni düzəndə Cənubi Qafqazı görməməzliyə vurmaq mümkün deyil - bu region artıq siyasi maraqların, iqtisadi ambisiyaların və enerji marşrutlarının kəsişmə nöqtəsinə çevrilib. Burada şahmat taxtasında olduğu kimi xüsusi rol Azərbaycana məxsusdur - yalnız strateji mövqeyi ilə deyil, həm də artan siyasi çəkisi ilə diqqət çəkən ölkədir. Bakı Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizlərinin əsas halqasına çevrilib və onun siyasi sabitliyi Aİ üçün onu əvəzolunmaz tərəfdaşa çevirir.
Avropa siyasətçiləri anlayırlar ki, Azərbaycanla dialoq olmadan Ermənistan ərazisindən keçən kommunikasiya xətlərinin açılması ilə bağlı istənilən cəhd boş ritorikaya çevrilə bilər. Bu regiondakı infrastruktur layihələri kartdan qurulmuş evə bənzəyir - möhkəm təməl olmadan onlar qaçılmaz şəkildə çökməyə məhkumdur. Həmin təməl isə Bakı ilə konstruktiv tərəfdaşlıqdır.
Məsələ təkcə logistika və nəqliyyat dəhlizləri ilə məhdudlaşmır. Bu gün Avropa İttifaqı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında fəal iştirakda maraqlıdır. Brüssel üçün bu layihələrə dəstək təkcə regionda təsirini genişləndirmək üçün atılan addım deyil, həm də Bakı ilə hörmətə və qarşılıqlı maraqlara əsaslanan etibarlı dialoq qurmaq üçün real şansdır. Bu, nadir hallarda rast gəlinən bir vəziyyətdir ki, burada geosiyasi maraqlar və humanitar missiya bir-birini tamamlayaraq dayanıqlı əməkdaşlıq üçün yeni yol açır.
Regiondakı həssas balansı anlayan Aİ "Aİ – Cənubi Qafqaz" adlı yeni dialoq formatı yaratmaq ideyasını irəli sürür. Bu təşəbbüs mübahisəli məsələlərin müzakirəsi və region ölkələri arasında gərginliyin azaldılması üçün mühüm platformaya çevrilə bilər. Lakin bu layihənin uğuru yalnız bir şərtlə mümkündür: Brüssel sadə bir həqiqəti qəbul etməlidir - Azərbaycan sadəcə şahmat taxtasında bir fiqur deyil, müstəqil oyunçudur və onun maraqlarını görməməzliyə vurmaq mümkün deyil.
Avropa qarşısında çətin seçim dayanır: ya başqalarının qərarlarının kölgəsində qalmaq, ya da müstəqillik yolunu tutaraq Şərqdəki əsas tərəfdaşlarla möhkəm əlaqələr qurmaq.
Bu seçim böyük ölçüdə müəyyən edəcək ki, yeni geosiyasi dünyada "qoca qitə" hansı simaya sahib olacaq.