...

Türk dövlətləri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir - TÜRKPA-nın Baş katibi

Siyasət Materials 15 Aprel 2025 13:16 (UTC +04:00)
Türk dövlətləri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir - TÜRKPA-nın Baş katibi
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Türk dövlətləri arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Hazırkı qlobal təhlükəsizlik mühitində türk dövlətləri arasında qarşılıqlı həmrəylik və inteqrasiyanın dərinləşdirilməsi olduqca vacibdir. Bu istiqamətdə həm Türk Dövlətləri Təşkilatı, həm də onun parlament ölçüsünü təşkil edən TÜRKPA əsas koordinasiya platformaları rolunu oynayır. Parlamentlərarası əməkdaşlıq bölgənin və üzv ölkələrin təhlükəsizliyi naminə atılan addımlarda mühüm yer tutur.

Trend xəbər verir ki, bu sözləri TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” mövzusunda Bakıda keçirilən TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında çıxışı zamanı söyləyib.

O bildirib ki, müdafiə və təhlükəsizlik komitələrinin nümayəndələrinin belə iclasları təkcə TÜRKPA çərçivəsində deyil, ümumilikdə regionda təhlükəsizlik və sabitlik baxımından da ciddi töhfə verir: “Türk dünyasının ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərə əsaslanan birliyi, onu yüksələn qlobal güc mərkəzinə çevirir. Bu birlik artıq bir çox sahələrdə strateji əməkdaşlıq səviyyəsinə yüksəlib”

Türk dövlətlərinin Avrasiya coğrafiyasında və onun hüdudlarından kənarda təhlükəsizliyin təminində fəal rol oynadıqlarını qeyd edən Baş katib terrorizm, transsərhəd təhdidlər, qonşu regionlardakı sabitlik problemləri kimi ümumi çağırışların mövcudluğunu diqqətə çatdırıb. Bu kimi problemlərin səmərəli şəkildə aradan qaldırılması üçün təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin həyati əhəmiyyət daşıdığını bildirib.

Mehmet Süreyya Er qeyd edib ki, birgə hərbi təlimlər, müdafiə sənayesində əməkdaşlıq, terrorizmlə mübarizə, kibertəhlükəsizlik və hibrid təhdidlərə qarşı mübarizə istiqamətlərində ortaq fəaliyyətlərin gücləndirilməsi, ümumi potensialın səmərəli reallaşdırılmasına şərait yarada bilər: “Bunun üçün isə institusional dialoq və koordinasiyanın sistemli şəkildə davam etdirilməsi əsas şərt kimi önə çıxır. Bu kimi iclasların mütəmadi keçirilməsi vacibdir. Bu, üzv dövlətlər arasında təhlükəsizlik sahəsində ortaq strategiyaların formalaşdırılmasına mühüm dəstək verəcək. Hazırkı toplantı bu istiqamətdə atılmış mühüm addımlardan biridir”.

Xəbər lenti

Xəbər lenti