...

Azərbaycan və Macarıstan arasında hərbi əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib (VİDEO)

Siyasət Materials 6 May 2025 17:20 (UTC +04:00)
Azərbaycan və Macarıstan arasında hərbi əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 6-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, professor, general Qabor Böröndinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, əklil və gül dəstələri qoyaraq xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

Zəfər parkına gələn Macarıstan nümayəndə heyəti Zəfər abidəsinin önünə əklil qoyub.

Nazirlikdə keçirilən görüşdə Azərbaycan müdafiə naziri qonaqları salamlayıb və onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyətindən razılıq ifadə edən nazir Macarıstanın bütün səviyyələrdə ölkəmizə dəstəyini xüsusi qiymətləndirib.

Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlərdən danışan müdafiə naziri ölkələrimiz arasında strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bütün imkanların mövcud olduğunu vurğulayıb.

General Q.Böröndi öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qarşılıqlı etimad və dostluğa dayanan münasibətlərimizin inkişaf etdirilməsində bu cür səfərlərin və keçirilən görüşlərin müsbət təsirini qeyd edib.

Görüşdə hərbi əməkdaşlığın gələcək perspektivləri və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Azərbaycan Ordusunun Baş Qərargahında təşkil edilən rəsmi qarşılanma mərasimində hər iki ölkənin Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçib. Azərbaycan və Macarıstan respublikalarının Dövlət himnləri səsləndirilib. General Q.Böröndi protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.

General-polkovnik K.Vəliyev macarıstanlı həmkarı ilə görüşüb.

Görüşdə Azərbaycan və Macarıstan arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və gələcəkdə daha da genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı təcrübə mübadiləsinin, o cümlədən hərbi qulluqçuların peşəkarlığının artırılması məqsədilə birgə təlimlərin keçirilməsinin vacibliyi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti