Bakı. Trend:
Son günlər AXCP funksionerləri barəsində başlanmış cinayət təqibi ilə əlaqədar müşahidə olunan ajiotaj boğaza qədər çirkaba batmış ünsürlərin narahatlığından başqa bir şey deyil. Çünki aidiyyatlı cinayət təqibi kimisə cəzalandırmağa yox, yalnız qanunla cinayət hesab olunan əməli törədənlərin ifşası və məsuliyyətə cəlb edilməsini nəzərdə tutur.
Trend xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
“Görünür, AXCP funksionerlərini qorxudan da elə budur. Onlar bilir ki, bu araşdırma xəyanətlərinin ifşasında ehtiva olunan siyasi sondur. Çünki, Ulu Öndərin hələ 29 dekabr 2000-ci ildə xalqa müraciətində də ifadə olunduğu kimi AXC, Qorboçovun yenidənqurma siyasətini dəstəkləyən bir qüvvə kimi rəsmi qeydiyyata alınan Xalq Cəbhəsi, hər zaman imperializmin bürosu olub.
Düzdür, indi özlərini Rusiya əleyhdarı qüvvələr kimi təqdim etməyə cəhd göstərirlər, amma bu sadəcə ucuz populizm və gözə kül üfürmədir. Anti-Rus bəyanatlar fonunda real əmələ gələndə, nə Elçibəyə qədər, nə də Elçibəydən sonra heç bir prezident “Rusiya-Azərbaycan sərhəddi olmamalıdır, yaxud Azərbaycan-İran sərhədlərini biz Rusiya ilə müştərək qorumalıyıq” kimi bəyanatlar verməyib.
Ona görə də bu gün Cəmil Həsənli kimi heç bir milli və əxlaq dəyəri olmayan siyasi buqələmun pafosla çevriliş cəhdi ittihamlarını öz aləmində rədd edib iddia edə bilməməlidir ki, AXCP-nin əsas məqsədi Rusiyaya qarşı mübarizə aparmaq olub. Arqument gətirilər ki, güya bunlar rus qoşunlarını ölkədən çıxarıb. Yaxşı, AXC rus ordusunu ölkədən çıxarmışdısa, 2012-ci ilə qədər 2 mindən artıq Rus hərbçisi Qəbələ RLS-də necə xidmət edirdi? 90-cı illərdə Azərbaycandan gedən əsgərlər dağılmış bir ölkənin başsız qalmış hərbiçiləri idi. Əgər bir ölkənin Ali Baş Komandanı Azərbaycan-İran sərhədlərinin Rusiya hərbçiləri tərəfindən qorunmasını özü öz dili ilə deyirdisə, rus əsgərlərinin ölkədən çıxarılması barədə tezislər əbləhlikdir. Rus əsgərini Azərbaycandan Prezident İlham Əliyev çıxarıb. 2012-də və 2024-cü illərdə.
İndi öz xəyanətləri fonunda hazırkı Azərbaycan iqtidarını Rusiya ilə müttəfiqlikdə ittiham etməyə çalışırlar. O zaman cavab versinlər, bu müttəfiqlik hansı milli maraqlar bahasına başa gəlib?
Kərimli-Mehdiyev cütlüyü kimi xəyanətkarların simasında hakimiyyət çevrilişi üçün gözü şimalda, əmrə müntəzir dayanan qüvvələrdən fərqli olaraq, Prezident İlham Əliyev iqtidarı bütün münasibətlərdə Azərbaycanın ləyaqətli bərabərhüquqlu tərəf kimi hərəkət azadlığını təmin edib, bu müstəqil siyasət bizə Rusiyanın müttəfiqi olan Ermənistanın müharibədə yerlə yeksan edilməsi, Rusiya sülhməramlılarının vaxtından ilyarım əvvəl Qarabağdan çıxarılması, təyyarə qəzasına görə bu ölkə rəhbərliyinin rəsmən üzr istəməsi kimi çoxsaylı nümunələrin misalında suveren iradə nümayiş etdirməyə imkan verib”, - deyə o bildirib.
Deputat əlavə edib ki, manipulyasiyalara, qalxan ajiotajlara qətiyyən meydan verilməməlidir.
“Aidiyyatı orqanlar qətiyyətli davranmalı, antimilli maraqların təşkilatlandığı AXCP-nin fəaliyyətinə birmənalı son qoyulmalı, eyni radikal mövqe sərgiləyən digər siyasi ünsürlər ətrafında araşdırmalar başlamalıdır. Bu gün Azərbaycandan başqa heç bir keçmiş Sovet İttifaqı ölkəsində Xalq Cəbhəsi anlayışı qalmayıb. Bu bitmiş bir məfhumdur və unutmayaq ki, heç bir “demokratiya” oyunu milli maraqdan daha üstün deyil”, - deyə o fikrini yekunlaşdırıb.
