Bakı. Trend:
Silahlı münaqişələrdən zərər çəkmiş ərazilərdə mədəni irsin qorunması və geri qaytarılması məsələsi beynəlxalq humanitar hüquq və mədəni irsin mühafizəsi sahəsində ən çətin istiqamətlərdən biridir.
Trend xəbər verir ki, bunu Qırğız Milli Universitetinin Türk İrsi Mərkəzinin rəhbəri Kairat Osmonaliyev Qərbi Azərbaycan İcması tərəfindən "Mədəni və Qayıdış Hüququ Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa va sülhə aparan yol kimi" mövzusunda keçirilən III Beynəlxalq Konfransın panel sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, genişmiqyaslı dağıntılarla müşayiət olunan hər bir silahlı münaqişə təkcə mədəni dəyərlərin mənsubiyyəti və onların restitusiyası məsələlərini deyil, həm də bu irsin qorunmasının siyasi-hüquqi mexanizmlərini gündəmə gətirir.
“Belə şəraitdə mədəni irsin itirilməsinin qarşısının alınması, onun mühafizəsi üçün zəruri zəmanətlərin təmin edilməsi, gələcəkdə isə bərpası və ya geri qaytarılması üçün şərait yaradılmasına yönəlmiş beynəlxalq əməkdaşlıq mexanizmləri xüsusi əhəmiyyət kəsb edir.
Mədəni irs, xüsusilə postmünaqişə dövründə, yalnız maddi abidələrdən ibarət deyil. Bu, tarixi yaddaşın, kimliyin, ənənələrin və birgə yaşayışın rəmzləridir. Qarabağ bölgəsində məscidlər, kilsələr, məqbərələr, qəbiristanlıqlar, muzeylər və digər mədəni obyektlər uzun illər ərzində məqsədyönlü şəkildə dağıdılmalar və təhqiramiz müdaxilələrə məruz qalıb”.
O qeyd edib ki, münaqişədən sonra mədəni irsin bərpası və qorunması məsələsi yalnız fiziki abidələrin yenidən qurulması deyil, həm də ədalətin bərpası, etimadın gücləndirilməsi və dinc birgə yaşayışın möhkəmləndirilməsi deməkdir.
“İşğaldan azad edilmiş ərazilər üzrə Azərbaycan müxtəlif beynəlxalq platformalarda dəfələrlə və tam haqlı olaraq vurğulamışdır ki, ölkə ərazisindəki bütün mədəni irs obyektləri onların etnik, dini və ya tarixi mənşəyindən asılı olmayaraq Azərbaycanın mədəni və tarixi kimliyinin bir hissəsidir. Bu irsin məhv edilməsi və ya saxtalaşdırılması isə sadəcə maddi ziyanın deyil, xalqımızın tarixi yaddaşının məhv edilməsi anlamına gəlir. Mən dəfələrlə Qarabağda olarkən şəxsən şahid olmuşam ki, işğalçı tərəf bu beynəlxalq sənədlərin heç birinə əməl etməmiş, məscidləri, məqbərələri, muzeyləri və digər mədəni abidələri məqsədyönlü şəkildə dağıdıb və təhqir edib. Xüsusilə, dini obyektlər üzərində aparılmış vandalizm aktları, məsələn, məscidlərin heyvan saxlanılan yerə çevrilməsi açıq-aşkar islamofobiyanın və mədəni-etnik nifrətin təzahürü olub”.
O vurğulayıb ki, 167 qeydiyyata alınmış tarixi-mədəni obyektin 60-ının tam məhv edilməsi, qalanlarının isə ağır şəkildə zədələnməsi bunun ən bariz sübutudur.
“Bu mənzərə göstərir ki, istənilən dövlət üçün belə risklər milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilməlidir. Çünki mədəni irs obyektləri münaqişə və ya sosial-siyasi gərginlik dövründə ilk hədəflərdən birinə çevrilir. Buna görə də müasir dövrdə dövlətlər üçün rəqəmsallaşdırma, inventarlaşdırma və mədəni irsin beynəlxalq standartlara uyğun qorunması kimi fəaliyyətlər xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bütün tarixi abidələri dövlət nəzarətinə götürüb və onların bərpası istiqamətində genişmiqyaslı işlərə başlayıb. Bu prosesin prioritet istiqamətlərindən biri də mədəni abidələrin inventarlaşdırılması, konservasiyası və bərpasıdır. Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi siyasət beynəlxalq dəstəyə layiqdir”, - deyə o bildirib.
