...

2026‒2030-cu illərdə 21 peşə təhsili müəssisəsi tikiləcək - SƏRƏNCAM

Siyasət Materials 5 Dekabr 2025 16:30 (UTC +04:00)
2026‒2030-cu illərdə 21 peşə təhsili müəssisəsi tikiləcək - SƏRƏNCAM
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2026‒2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsi tikintisi və 2 peşə təhsili müəssisəsi əsaslı təmir ediləcək.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər" haqqında Sərəncamda öz əksini tapıb.

Sərəncamda qeyd olunb:

"Əmək bazarının tələblərinə uyğun səriştələr formalaşdıran yüksəkkeyfiyyətli peşə təhsili məşğulluq səviyyəsinin və əmək məhsuldarlığının artırılmasına mühüm töhfə verir. Bu sahəyə yönəlmiş tədbirlərin həyata keçirilməsinin vacibliyi son illərdə qəbul edilmiş bir sıra sənədlərdə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapmışdır.

Ölkənin dinamik inkişafı və əmək bazarının dəyişən tələbləri əmək bazarında rəqabətqabiliyyətli ixtisaslı kadr potensialına tələbatı artırmaqla yanaşı, bu tələbatın ödənilməsinə imkan verən müasir standartlara uyğun infrastruktura və tədris bazasına malik yeni peşə təhsili müəssisələrinin yaradılmasını zəruri edir.

Müasir standartlara uyğun infrastruktura və tədris bazasına malik yeni peşə təhsili müəssisələrinin yaradılması peşə təhsilli şəxslərin əmək bazarında xüsusi çəkisini artırmaqla müxtəlif peşələr üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edəcəkdir".

Sənədə əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikasında peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair tədbirlər planını dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Bundan başqa Elm və Təhsil Nazirliyi tikintisi və əsaslı təmiri nəzərdə tutulmuş peşə təhsili müəssisələrinin siyahısını təsdiq etməli və bu məqsədlə tələb olunan maliyyə vəsaitinin illər üzrə bölgüsünü hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Dövlət Neft Fonduna təqdim etməlidir.

Dövlət Neft Fondu bu Sərəncamda göstərilmiş tədbirlərin icrası üçün tələb olunan maliyyə vəsaitini Fondun hər il üçün tərtib edilən büdcəsində nəzərdə tutsun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti