Bakı. Trend:
Azərbaycan nümayəndə heyəti İtaliyanın Veneto regionunda keçirilən "Adaptive Interaction 2025" çoxmillətli hərbi-mülki əməkdaşlıq (CIMIC) təlimində müşahidəçi qismində iştirak edib.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlim çərçivəsində Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov NATO-nun Çoxmillətli hərbi-mülki əməkdaşlıq (CIMIC) qrupu və 7-ci CIMIC alayının komandiri polkovnik Piero Furlan ilə görüşüb.
Görüşdə NATO əməliyyatlarında CIMIC bölmələrinin effektiv
tətbiqinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Polkovnik A.Eyvazov Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən
44 günlük Vətən müharibəsi və Antiterror daxil olmaqla digər hərbi
əməliyyatlar zamanı mülki əhalinin və infrastrukturun qorunmasına
dair ordumuzun həyata keçirdiyi tədbirlərdən danışıb.
Daha sonra Azərbaycan nümayəndə heyəti çoxmillətli təlimin
Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak edib.
Yüksək səviyyəli qonaqlar təlimin ssenarisinə uyğun olaraq
əməliyyat zonasında müxtəlif mülki müəssisə və təşkilatlar ilə
əlaqələrin qurulması, onlara zəruri dəstəyin verilməsi və hərbi
əməliyyatların gedişatına təsir edəcək faktorların analizi üzrə
tapşırıqların icrasını izləyiblər.
Ümumilikdə 12 NATO üzv və tərəfdaş ölkəsinin CIMIC bölmələrindən 200 nəfərin iştirakı ilə keçirilən təlimin gedişatı müsbət qiymətləndirilib.
