Bakı. Trend:
ABŞ “Tramp marşrutunu” 49 il müddətinə icarəyə qəbul edəcək.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ermənistan XİN-in dərc etdiyi Ermənistanla ABŞ arasında “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi üzrə imzalanmış sazişdə qeyd olunur.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüş keçirərək TRIPP layihəsinin icrası üzrə çərçivə proqramını təqdim ediblər.
Dərc olunmuş sənəd 8 avqust 2025-ci ildə Ağ Evdə Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına dəstək məqsədilə götürülmüş öhdəliklərin yerinə yetirilməsi istiqamətində atılmış yeni addım kimi qiymətləndirilib.
Mirzoyan və Rubionun birgə bəyanatında bildirilir ki, Ermənistan TRIPP layihəsinin inkişafına cavabdeh olacaq “TRIPP Development Company” şirkətinin yaradılmasını təsdiqləmək və dəstəkləmək niyyətindədir. Şirkətə ilkin mərhələdə 49 il müddətinə layihənin icrası hüququ veriləcək. İrəvan Vaşinqtona TRIPP Development Company-nin səhmlərinin 74 faizini təklif etməyi, 26 faizini isə özündə saxlamağı planlaşdırır.
Qeyd edək ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.
