...

Su təhlükəsizliyi Azərbaycanın milli dayanıqlığının əsas sütunlarından biridir - Deputat

Siyasət Materials 14 Yanvar 2026 11:37 (UTC +04:00)
Su təhlükəsizliyi Azərbaycanın milli dayanıqlığının əsas sütunlarından biridir - Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirədə çıxışı zamanı səsləndirdiyi fikirlər bir daha göstərdi ki, su məsələsi Azərbaycan üçün yalnız infrastruktur deyil, milli təhlükəsizlik və sosial rifah məsələsidir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, dövlət başçısının rəhbərliyi ilə bu sahədə son 20 ildə həyata keçirilən sistemli tədbirlər bu gün ölkəmizin su təminatında əsaslı dönüş yaradıb:

“Uzun illər ərzində dörd iri su anbarının istifadəyə verilməsi və onların ümumi tutumunun yarım milyard kubmetrdən artıq olması strateji baxımdan son dərəcə əhəmiyyətlidir. Xüsusilə Taxtakörpü və Şəmkirçay kimi su anbarlarının inşası Bakının və ölkənin qərb bölgəsinin su təminatında yaranacaq risklərin qarşısını vaxtında almağa imkan verib. Eyni zamanda, Ceyranbatan su anbarının tam yenidən qurulması və müasir təmizləmə sistemləri ilə təchiz edilməsi paytaxt əhalisinin keyfiyyətli içməli suya çıxışını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin diqqət çəkdiyi mühüm məqamlardan biri də işğal dövründə Ermənistanın su resurslarından təzyiq və şantaj aləti kimi istifadə etməsi faktıdır:

“Sərsəng və Suqovuşan su anbarları vasitəsilə həyata keçirilən məqsədli su siyasəti bölgədə ekoloji və kənd təsərrüfatı baxımından ciddi fəsadlar yaradıb. Bu gün isə tam fərqli bir mənzərə mövcuddur: azad edilmiş ərazilərdə dağıdılmış su infrastrukturu bərpa olunur, yeni su anbarları istifadəyə verilir, digərlərinin isə tikintisinə hazırlıq gedir. Bu, həm ekoloji ədalətin, həm də sosial həyatın bərpası deməkdir.

Məlumdur ki, Azərbaycanın su ehtiyatlarının mühüm hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşırdı. Torpaqlarımızın azad edilməsi nəticəsində ölkəmizin su mənbələrinə nəzarəti əhəmiyyətli dərəcədə artıb və xarici asılılıq minimuma enib. Bununla yanaşı, Kür, Araz və Samur kimi transsərhəd çayların da ölkənin su balansında mühüm rol oynadığı nəzərə alınaraq bu sahədə davamlı və ehtiyatlı siyasətin aparılması zəruridir”.

Deputat qeyd edib ki, iqlim dəyişikliklərinin yaratdığı qlobal çağırışlar fonunda su təhlükəsizliyi məsələsi daha da aktuallaşır:

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, vaxtında atılan addımlar bu gün mümkün risklərin qarşısını alıb. Qarşıya qoyulan əsas məqsəd isə əhalinin, kənd təsərrüfatının və sənayenin dayanıqlı su təminatını formalaşdırmaq, mövcud ehtiyatlardan səmərəli istifadə etmək və itkiləri minimuma endirməkdir.

Bu baxımdan Bakı şəhəri, Abşeron yarımadası və Sumqayıtı əhatə edən, 2035-ci ilə qədər icrası nəzərdə tutulan Dövlət Proqramı xüsusi əhəmiyyət daşıyır. Proqram çərçivəsində maliyyələşmə mexanizmlərinin əvvəlcədən müəyyənləşdirilməsi, dövlət büdcəsi ilə yanaşı xarici maliyyə resurslarından istifadə imkanı Azərbaycanın iqtisadi dayanıqlığının göstəricisidir. Xarici borcun ÜDM-ə nisbətinin aşağı səviyyədə olması bu cür irimiqyaslı layihələrin icrası üçün geniş imkanlar yaradır.

Proqramın icrası nəticəsində ölkə üzrə 30-a yaxın yeni su anbarının tikilməsi, sayğaclaşdırmanın tam təmin olunması və fasiləsiz içməli suya çıxışın 95 faizə çatdırılması nəzərdə tutulur. Eyni zamanda, mövcud su itkilərinin kəskin azaldılması gələcək tələbatın ödənilməsi baxımından prioritet məsələ kimi müəyyən edilib.

Yağış sularının idarə olunması və kanalizasiya sisteminin genişləndirilməsi də proqramın mühüm istiqamətlərindəndir. Bakının bir sıra küçələrində yeni kollektor şəbəkələrinin qurulması leysan yağışları zamanı yaranan problemlərin aradan qaldırılmasına ciddi töhfə verəcək. Bundan əlavə, tullantı sularının tam təmizlənməsi və Xəzər dənizinin qorunması istiqamətində atılan addımlar ekoloji məsuliyyətin bariz nümunəsidir.

İlk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodunun inşa olunması isə Abşeron yarımadasının su təminatında yeni mərhələnin başlanğıcıdır. Xarici investisiyalar hesabına həyata keçiriləcək bu layihə həm içməli su ehtiyatlarını artıracaq, həm də kənd təsərrüfatı üçün əlavə imkanlar yaradacaq”.

A.Həsənova vurğulayıb ki, bütün bu faktlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən su strategiyası yalnız bugünün deyil, gələcək nəsillərin də maraqlarına xidmət edir:

“Dövlətin bu sahədə ardıcıl və məsuliyyətli siyasəti Azərbaycanın sosial-iqtisadi inkişafının davamlılığını təmin edən əsas amillərdən biridir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti