Bakı. Trend:
Ermənistanla Türkiyə arasındakı münasibətlərin normallaşması prosesindəki irəliləyiş, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə də kömək edəcək və ona yeni təkan verəcək.
Trend erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
“Bizim mövqeyimizdə heç bir dəyişiklik olmayıb. Ermənistanla Türkiyə arasındakı münasibətlərin normallaşması prosesi ilə Ermənistan və Azərbaycan arasındakı münasibətlərin normallaşması fərqli proseslərdir. Lakin biz eyni regionda yerləşən ölkələr olduğumuz üçün bu proseslər bir-birinə təsir göstərə bilər. Hesab edirik ki, Ermənistanla Türkiyə arasındakı normallaşma prosesində irəliləyiş, yalnız Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına ziyan vurmayacaq, əksinə, ona yeni təkan verəcək”, – Ermənistan Milli Məclisinin sədr müavini bildirib.
O, Ermənistan-Azərbaycan prosesində böyük irəliləyişin olduğunu vurğulayaraq, 8 avqust sülh bəyannaməsi, dəmir yolu ilə tranzit daşımaların bərpasını xatırladıb.
“Ümumiyyətlə, düşünürəm ki, proseslər müsbət istiqamətdə irəliləyir, biz artıq bəzi nəticələri görürük, digərlərini isə hələ görəcəyik”, – deyə Rubinyan əlavə edib.
Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.
