...

ABŞ-DAN GƏLMİŞ MÜƏLLİMLƏR AZƏRBAYCANLI HƏMKARLARI İLƏ TƏCRÜBƏ MÜBADİLƏSİ APARACAQLAR

Siyasət Materials 13 İyul 2005 18:10 (UTC +04:00)

"Orta məktəblərin lazımi şəkildə kompüterlərlə təchiz olunması yeni böyüməkdə olan nəslin intelektual səviyyəsini daha da artıra bilər". Trend informasiya agentliyi xəbər verir ki, bu fikirlər iyulun 13-də Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərovun ABŞ-ın "Procekt Harmoni" təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kerry Cosbyla görüşündə söylənilib. Görüşdə həmçinin, azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi keçmək üçün Bakıya gəlmiş bir qrup amerikalı müəllimlər də iştirak ediblər.

Azərbaycanın təhsil sistemi haqda qonaqlara ətraflı məlumat verən Şahlar Əsgərov müstəqillik əldə etdikdən sonra 1992-ci ildən başlayaraq ölkənin ali məktəblərinə qəbulun test imtahanları ilə aparılmağa başlandığını bildirib.

Hazırda ölkənin təhsil sistemində bir sıra irəliləyişlərin əldə olunduğunu qeyd edən millət vəkili, bununla belə bir sıra problemlərin hələ də mövcud olduğunu bildirib.

O, bu problemlər sırasında ümumtəhsil məktəblərinin kompüterlərlə təchiz olunması faizinin aşağı olması, eləcə də parlament tərəfindən "Təhsil haqqında qanun"un qəbul olunmamasının xüsusilə vurğulayıb.

Təhsil haqqında yeni qanunun qəbulunun ləngidilməsinin səbəbi haqda qonaqların sualını cavablandıran komissiya sədri, bunu, bəzi bürokratik əngəlliklərlə əlaqələndirib.

Şahlar Əsgərov bununla belə parlamentin payız sessiyasında "Təhsil haqqında qanun"un qəbul olunacağına ümidlərin böyük olduğunu bildirib.

Nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədləri haqda məlumat verən "Procekt Harmoni" təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kerry Cosby, Təhsil Nazirliyi ilə birgə həyata keçirdikləri layihə çərçivəsində ötən il azərbaycanlı müəllimlərin okeanın o tayına səfər etdiklərini, amerikalı müəllimlərin evlərində yaşadıqlarını, indi isə növbənin qarşı tərəfə çatdığını söyləyib.

Kerry Cosby daha sonra, iyulun 14-də təhsil naziri Misir Mərdanovla görüşdə layihə çərçivəsində görüləcək tədbirlər planını yenidən müzakirə edəcəklərini bildirib.

Xəbər lenti

Xəbər lenti