Gələcəkdə Azərbaycan çoxistiqamətli nəqliyyat dəhlizləri şəbəkəsinə çevrilə bilər.Bu barədə Trend agentliyinə eksklüziv olaraq Azərbaycanın TRACECA Hökumətlərarası Komissiyasındakı milli katibi Akif Mustafayev bildirib.
Onun sözlərinə görə, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması layihəsinin gerçəkləşdirilməsi TRACECA -nın alternativi deyil. Əksinə gələcəkdə bu dəhlizlər bir-birini tamamlaya bilər.
"Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması hələlik yalnız layihədir.Onun gerçəkləşdirilməsinə xeyli vəsait tələb olunur.İlkin mərhələdə bu dəhlizdə ildə 5 mln. ton yük daşınması nəzərdə tutulur " - deyə o qeyd edib.
A.Mustafayev həm də qeyd edib ki, tikintisinin Türkiyə, Gürcüstan və Azərbaycan tərəfindən həyata keçirilməsi planlaşdırılan Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu TRACECA -nın qollarından biri olacaq.
"Bunları bölmək olmaz, belə ki, bunlar Avropanın Qafqaz və Mərkəzi Asiya ilə kommunikasiya qovşağında böyük əhəmiyyət kəsb edir" -deyə o bildirib.Bu ölkələrin (TRACECA proqramının bütün iştirakçı - üzvləri) nəqliyyat nazirlikləri tərəfindən həmin istiqamətdə intensiv iş aparılır.