MDB dövlətlərinin nizamnaməli və digər orqanları üzrə daimi səlahiyyətli nümayəndələri Şurasının sentyabrın 13-də Minskdə iclası keçiriləcək.
Trend MDB İcra komitəsinin məlumatına istinadən bildirir ki, iclasda Azərbaycanda parlament seçkilərində MDB-dən olan müşahidəçilər missiyasının başçısı məsələsinə baxılacaq.
Bununla yanaşı, iclasın gündəliyinin əsas bəndi Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılmasının 15 illiyinə həsr olunmuş tədbir planının layihəsi olacaq.
Layihədə, xüsusilə 2006-cı ildə elmi-təcrübi konfransların, forumların, kiçik şəhər festivallarının, beynəlxalq və ixtisaslaşdırılmış sərgilərin keçirilməsi, MDB-nin yaradılmasının yubiley tarixinə aid kitabların nəşri, İnternet saytında MDB İcra komitəsinin "MDB - 15 il" xüsusi bölməsinin yaradılması kimi məsələlər nəzərdə tutulur.