...

PREZİDENT İLHAM ƏLİYEV ASİYA İNKİŞAF BANKININ İCRAÇI DİREKTORU POL SPELTSİ QƏBUL EDİB

Siyasət Materials 14 Sentyabr 2005 19:33 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 14-də Prezident sarayında Asiya İnkişaf Bankının (AİB) icraçı direktoru, səfir Pol Speltsin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend bildirir ki, dövlət başçısı Azərbaycan ilə Asiya İnkişaf Bankı arasındakı əməkdaşlıqdan məmnun qaldığını və bu əməkdaşlığın çox yüksək səviyyədə olduğunu qeyd edib.

Azərbaycanın sürətlə inkişaf etdiyini, ölkəmizdə yeni imkanların, sahələrin yarandığını nəzərə çatdıran prezident İlham Əliyev deyib ki, hazırda bu regional, sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçilir: "Yeni iş yerlərinin, yeni infrasturukturun, yeni müəssisələrin yaranması və özəl sektorun inkişafı, ümumdaxili məhsulun artımı Azərbaycanın iqtisadi inkişafının rəmzlərinə çevrilib. Qarşıdan gələn illərdə yeni böyük enerji layihələrinin həyata keçirilməsi gözlənilir".

Cənab Pol Spelts Asiya İnkişaf Bankına verdiyi dəstəyə və Azərbaycandakı fəaliyyət üçün yaradılan imkanlara görə prezident İ.Əliyevə təşəkkürünü bildirib. "Sizin insanlara göstərdiyiniz böyük qayğı, sosial sahədə görülən işlər barədə yaxşı məlumatımız var.

Bununla əlaqədar sizi təbrik etmək istəyirəm. Hesab edirəm ki, bu səfər zamanı görmək istədiyimiz işlər səmərəli şəkildə və sürətlə həyata keçiriləcək"-deyə P.Spelts bildirib.

Xəbər lenti

Xəbər lenti