...

Rusiya aviaşirkətinə məxsus Ka-32 vertolyotunun qəzaya uğrama səbəbləri araşdırılır

Siyasət Materials 23 Oktyabr 2005 16:48 (UTC +04:00)

Oktyabrın 22-də Rusiyanın NPK/PANK (Krasnodar ş.) aviaşirkətinə məxsus Ra-31007 vertolyotunun Moskva vaxtı ilə saat 20:28-də Azərbaycanın Göyçay rayonunun 3 km-də qəzaya uğrama səbəbləri öyrənilir.

Trend in xəbər verdiyi kimi, "Azərbaycan Hava Yolları" (AZAL) Dövlət Konserninin məlumatında bildirilir ki, vertolyot BMT-nin humanitar proqramına uyğun olaraq Trabzon-Gəncə-Türkmənbaşı və daha sonra İslamabad (Pakistan) marşrutları üzrə uçuş keçirirdi.

"Gəncə" hava limanını tərk etdikdən 36 dəqiqə sonra vertolyotla əlaqə kəsilib. İlkin məlumatlara əsasən, onun ekipajında olan 5 nəfər Rusiya vətəndaşı həlak olub.

Qəzanın baş vermə səbəblərini araşdırmaq üçün hadisə yerinə komissiya göndərilib.

Qəza nəticəsində Göyçay rayonunun heç bir sakini xəsarət almayıb. Vertolyot boş sahəyə düşdüyündən dövlət və xüsusi əmlaka ziyan dəyməyib.

Qəza ilə bağlı Azərbaycanın Cinayət Məcəlləsinin 262-ci bəndi üzrə cinayət işi qaldırılıb.

Rusiyanın Azərbaycandakı səfirliyindən RİA "Novosti"yə verilən məlumata görə, "şahidlərin ifadələrinə əsasən, vertolyot yerə enmək istədiyindən ekipaj bunun üçün yer seçmiş və vertolyotun projektorunu qoşaraq siqnal raketini buraxmışdır". Hadisə yerinə gəlmiş yanğın söndürənlər yanğını söndürsələr də, ekipaj üzvlərindən heç birini xilas edə bilməyiblər. Vertolyot demək olar ki, tamamilə yanıb.

Səfirlik həlak olmuş ekipaj üzvlərinin adlarını açıqlayıb: komandir Belyanin Mixayil Viktoroviç (1952-ci il), Kukuçenko Sergey Borisoviç (1953-cü il), Pavlov Viktor Anatolyeviç (1964-cü il), Çipuley İqor Nikolayeviç (1967-ci il), Qorsunov Sergey Petroviç (1953-cü il).

Xəbər lenti

Xəbər lenti