Fevral ayının 2-4-də Tiflisdə SCAD proqramının İdarətmə Komitəsinin iclası keçiriləcək. Trend xəbər verir ki, Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının (UNDP) icra etdiyi "Cənubi Qafqazda Narkotiklərə nəzarət" birgə proqramının 4-cü mərhələsi (SCAD 4) həyata keçirilməkdədir.
İdarəetmə komitəsinin iclasında müzakirə olunacaq əsas məsələlər SCAD 4 layihəsinin cari ilin may ayında bitməsi və mümkün olacaq SCAD 5 layihəsinin hazırlanması üçün prioritet istiqamətlərinin müəyyən olunmasıdır.
İclasda Cənubi Qafqazın hər üç subyektinin dövlət strukturlarının nümayəndələri, SCAD proqramının ölkə üzrə əməkdaşları, Avropa Komissiyasının və BMT-nin İnkişaf Proqramının rəsmilərinin iştirakı planlaşdırılıb.
İclasda Azərbaycan nümayəndə heyətinin üzvləri - Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanovun və UNDP-nin Hüquq-Mühafizə Orqanları ilə iş departamentinin rəhbəri Məzahir Əfəndiyevin çıxışları nəzərdə tutulub.
Qeyd edək ki, SCAD proqramı 29 iyun 2001-ci ildə Avropa İttifaqı, UNDP və Azərbaycan höküməti arasındla imzalanmış sazişə əsasən 5 ilə yaxındır fəaliyyət göstərir.