...

Fikrət Məmmədov məhkəmələr tərəfindən işlərə baxılmasının keyfiyyətindən narazıdır

Siyasət Materials 2 Fevral 2006 19:17 (UTC +04:00)

Azərbaycan Respublikasının ədliyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov məhkəmələr tərəfindən işlərə baxılmasının keyfiyyətindən narazıdır. Trend məlumat verir ki, nazir bu narazılığını fevralın 2-də Məhkəmə Hüquq Şurasının geniş iclasında bildirib.

"Avropa dövlətləri ilə müqayisədə Azərbaycanda hakimlərin sayı əhaliyə nisbətən aşağıdır. Bütün bunlar da məhkəmələrdə baxılan işlərin keyfiyyətinə mənfi təsir göstərir. Lakin bizim məhkəmə sistemimizdə mövcud olan nöqsanlar təkcə bu səbəblərlə əlaqədar deyil. Təəssüf ki, bizim bəzi hallarda hakimlərimiz qanun tərəfindən onlara verilmiş geniş səlahiyyətlərdən, müstəqillikdən sui-istifadə hallarına - vətəndaşlara qarşı etinasız münasibətə, ədalətsiz qərarların çıxarılmasına yol verirlər.

Bununla bağlı qurumlarımıza və respublika rəhbərliyinə çoxsaylı şikaytələr daxil olub. Statistikaya görə, birinci instansiya məhkəmələr tərəfindən baxılmış işlər üzrə verilmiş apellyasiya şikayətlərinin hər üçündən biri əsaslı olub. Həmin məhkəmə qərarları ya ləğv edilib, ya da dəyişilib. Bununla bağlı bir sıra hakimlər intizam məsuliyyətinə cəlb olunub" - deyə F.Məmmədov qeyd edib.

Nazir iclas iştirakçılarının nəzərinə təəssüflə çatdırıb ki, bəzi hallarda hakimlərin işində vətəndaşlara qarşı laqeyd münasibət, süründürməçilik, işlərin dəfələrlə təxirə salınması, vətəndaşların qərarları ala bilməməsi halları müşahidə olunur. "Məhkəmələrlə bağlı daxil olmuş şikayətlərin sayı təkcə 2005-ci ildə 4 mindən artıq olmuşdur. Belə şikayətlər əsasən Nərimanov, Suraxanı, Sabunçu və Yasamal məhkəmələrinin hakimləri ilə bağlıdır" - deyə nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti