...

Vladimir Putin: "Bakıda çox səmərəli danışıqlar aparılıb"

Siyasət Materials 22 Fevral 2006 18:33 (UTC +04:00)

"Bu gün Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir və müsbət inkişaf dinamikasına malikdir. Bu, bizim qarşılıqlı fəaliyyətmizin həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrindəki əlaqələri əhatə edir". Trend in xəbər verdiyi kimi, bu barədə fevralın 22-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirilmiş mətbuat konfransında Rusiyanın dövlət başçısı Vladimir Putin bəyan edib.

Onun sözlərinə görə, həmişə olduğu kimi, səmimi şəkildə aparılan danışıqlar çox səmərəli olub. Prezident əmin olduğunu bildirib ki, Azərbaycanda Rusiya İlinin açılması humanitar əlaqələr sahəsində münasibətlərin inkişafında daha bir ciddi təkan olacaq.

V.Putin bildirib ki, iki ölkənin qarşılıqlı siyasi fəaliyyəti yüksək səviyyədədir və xarici işlər nazirlikləri, Azərbaycan və Rusiya hökumətləri və idarələri səviyyəsində daim dəstəklənir. Onun sözlərinə görə, xüsusi diqqət cəlb edən bir sahə var. Bu iqtisadiyyatdır. "Biz nəinki qarşımıza qoyduğumuz hədlərə çatmışıq, həm də bizim üçün mühüm və həssas olan əməkdaşlıq sahələri üzrə yaxşı inkişaf tempi əldə etmişik. Bunlar energetika, maşınqayırma, nəqliyyat və rabitə, kənd təsərrüfatı, metallurgiya sənayesi və onsuz biznesin inkişafının mümkün olmadığı maliyyə sahələridir. Mən çox ümidvaram ki, biznes və region nümayəndələrinin dəstəklədiyi çoxsaylı kontaktlar yaxın vaxtlarda özünün müsbət nəticəsini verəcək" - deyə RF prezidenti vurğulayıb.

Xəbər lenti

Xəbər lenti