...

Dünyanın 27 ölkəsinin mədəniyyəti Azərbaycanda təqdim olunub

Siyasət Materials 2 Mart 2006 20:00 (UTC +04:00)
Dünyanın 27 ölkəsinin mədəniyyəti Azərbaycanda təqdim olunub

Trend bildirir ki, martın 2-də Azərbaycan dövlət filarmoniyasında Heydər Əliyev Fondu, "Çağ Öyretim İşletmeleri", Azərbaycanın təhsil nazirliyi, eləcə də mədəniyyət və turizm nazirliyinin təşkil etdiyi eyni adlı proqram çərçivəsində "Fərqli mədəniyyətlərin qovşağı - Azərbaycan" mövzusunda tədbir keçirilib.

Proqram Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Milli Məclisinin deputatı və YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın himayəsi ilə həyata keçirilir.

Fondun icraçı direktoru Anar Ələkbərov Mehriban Əliyevanın tədbir iştirakçılarına ünvanladığı məktubu oxuyub. Məktubda YUNESKO-nun xoşməramlı səfiri qeyd edir ki, Azərbaycan tarixən Şərqlə Qərbin kəsişdiyi yer olaraq həmişə müxtəlif mədəniyyətlərə hörmətlə yanaşıb. Fondun prezidenti vurğulayır ki, ölkədə əsrlər boyu tolerantlıq formalaşıb. Mehriban Əliyeva hesab edir ki, belə bir proqramın həyata keçirilməsi və dünyanın ölkəmizdə səfirliyi olan 27 ölkəsinin adət-ənənələri və mədəniyyətinin təqdim olunduğu sərginin təşkili Azərbaycan xalqının bəşəri dəyərlərə və müxtəlif mədəniyyətlərə ehtiramının daha bir təzahürüdür.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev tədbirdə çıxış edərək proqramın əhəmiyyətini yüksək qiymətləndirib və qeyd edib ki, bu proqram xalqlar və millətlər arasında dostluq münasibətlərinin daha da yaxınlaşması və inkişaf etdirilməsi məqsədi daşıyır. Nazir belə mühüm tədbirin təşkili və həyata keçirilməsində Heydər Əliyev Fondunun və Türkiyənin "Çağ Öyretim İşletmeleri" şirkətinin rolunu xüsusi qeyd edib. Azərbaycanın təhsil naziri Misir Mərdanov dünyanın qloballaşması dövründə belə bir tədbirin keçirilməsinə böyük əhəmiyyət verib. Onun sözlərinə görə, bu proqram insanları bərabərliyə və dinc dünyanın qurulmasına çağırır.

"Çağ Öyretim İşletmeleri" litseylər şirkətinin direktoru Adəm Önem bəyan edib ki, Azərbaycanda ilk dəfə başlanılmış mədəni dialoq bütün ölkələr üçün nümunə olmalıdır. O, Azərbaycanda gənc nəslin tərbiyə və təhsilinə yönəldilmiş proqramların həyata keçirilməsində YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi rolunu qeyd edib.

Xarici ölkə səfirləri, Azərbaycanın Milli Məclisinin deputatları, görkəmli ictimai xadimlərin iştirak etdiyi təntənəli gecədə "Xoşbəxt dünya üçün əl-ələ" filmi, həmçinin "Çağ Öyretim İşletmeleri" litseyləri şagirdlərinin iştirakı ilə tamaşa nümayiş etdirilib. Filarmoniyanın foyesində dünyanın 27 ölkəsinin mədəniyyətini nümayiş etdirən sərgi təşkil edilib.

Xəbər lenti

Xəbər lenti