Azərbaycanla NATO arasında Fərdi Əməkdaşlıq Fəaliyyət planının birinci mərhələsi uğurlu qiymətləndirilə bilər. Trend in verdiyi məlumata görə, aprelin 11-də NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi R.Simmons Bakıda apardığı danışıqlardan sonra mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, əməkdaşlıq planının həyata keçirilməsinin bir ili tamam olur. O, bu mərhələdə tərəfdaşlığı müsbət qiymətləndirib və onun təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib. Bu planda dəyişiklər edilməsi məqsədəuyğun hesab edilir. NATO-nun xüsusi nümayəndəsi həm də təmsil etdiyi təşkilatın bu məsələ ilə bağlı müəyyən təklifləri olduğunu da bəyan edib.
"Azərbaycan NATO ilə tərəfdaş ölkələr arasında alyansla əməkdaşlıq üzrə mühüm rol oynayır" - deyə R.Simons bəyan edib. O, eləcə də Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunaraq bəyan edib ki, Cənubi Qafqaz regionundakı bütün münaqişələr, eləcə də Dağlıq Qarabağ münaqişəsi NATO-nun diqqət mərkəzindədir və alyans rəhbərliyini çox narahat edir. NATO onların dinc və təcili həllinə ümid edir. O, bu münaqişələrin ölkələrin NATO-ya inteqrasiyasına və öz aralarında əməkdaşlığa mane olduğunu əlavə edib.
Dağlıq Qarabağ məsələsində NATO-nun mövqeyi ATƏT-in mövqeyi ilə uyğun gəlir. O bildirib ki, NATO sülhyaratma qüvvələrinin yerləşdirilməsi tərəflərin istəyi ilə həyata keçirilə bilər. "Biz münaqişənin ATƏT-in sülh danışıqları prosesi çərçivəsində həll olunacağına inanırıq".
Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov R.Simmonsla Bakıda keçirilən danışıqların nəticələrindən razılıq ifadə edib və bildirib ki, Azərbaycanın NATO ilə gələcək əməkdaşlıq və inteqrasiya ilə bağlı bir sıra təklifləri var. Onun sözlərinə görə, bu təkliflər NATO rəhbərliyinə təqdim ediləcək və yaxın vaxtlarda Fərdi Tərəfdaşlıq Fəaliyyət Planına daxil ediləcək.