...

Tahir Tağızadə: Ermənistanın xarici işlər nazirinin bəyanatı konstruktivdir və sülh danışıqlarına tərəfdar olduğunu göstərir

Siyasət Materials 20 Aprel 2006 17:36 (UTC +04:00)
Tahir Tağızadə: Ermənistanın xarici işlər nazirinin bəyanatı konstruktivdir və sülh danışıqlarına tərəfdar olduğunu göstərir

Ermənistanın xarici işlər nazirinin son bəyanatı konstruktivdir və sülh danışıqlarına tərəfdar olduğunu göstərir. Bu barədə Trend ə Azərbaycanın XİN-nin informasiya və mətbuat idarəsinin rəisi Tahir Tağızadə bəyan edib.

Qeyd edək ki, V.Oskanyan aprelin 20-də "əgər Azərbaycan Dağlıq Qarabağ xalqının gələcək statusunu müəyyən etməklə bağlı öz müqəddəratını təyinetmə hüququnu tanıyarsa, Ermənistan müharibənin nəticələrinin aradan qaldırılması ilə bağlı məsələləri ciddi müzakirə etməyə hazır" olması barədə bəyanatla çıxış edib. İki gün bundan əvvəl isə o bildirib: "Əgər Azərbaycan Dağlıq Qarabağ əhalisinin dərhal yox, gələcəkdə öz müqəddəratını təyin etmək hüququ faktı ilə razılaşarsa, bu zaman erməni tərəfi münaqişənin nəticələrinin ləğv olunması ilə bağlı ərazi, qaçqınlar və digər təhlükəsizlik məsələlərini müzakirə etməyə hazırdır".

"Bu bəyanat erməni tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh danışıqları prosesində fəal iştirak etmək niyyətlərindən xəbər verir, - deyə T.Tağızadə bildirib. - "Bu bəyanat erməni tərəfinin problemin "mərhələli" həllinə de-fakto sadiq olduğunu təsdiqləyir. Bu variantın birinci mərhələsində Ermənistanın silahlı qüvvələri Dağlıq Qarabağın ətrafındakı rayonlardan çıxarılır. Burada minalardan təmizlənmə, təhlükəsizliyin təminatı kimi bir sıra digər məsələlər də var. İkinci mərhələ isə Dağlıq Qarabağın statusunun müəyyən edilməsidir".

Öz müqəddəratını təyin etməyə gəldikdə isə, T.Tağızadənin sözlərinə görə, onun dövlətin tərkibində də yerinə yetirilməsi tamamailə mümkündür. "Bu, bizim danışdığımız həmin yüksək muxtariyyət statusudur. Beləliklə, bunu erməni tərəfinin sülh danışıqları prosesinə bağlılığı və Ermənistanın milli maraqlarının nədən ibarət olmasını dərk etməsi kimi qiymətləndirmək olar", - deyə o bildirib.

T.Tağızadə həmçinin, V.Oskanyanın Ermənistanın Transxəzər qaz kəmərinə qoşulması ilə bağlı öz qarşısına qoyduğu məqsəd və bu barədə artıq ABŞ-la ciddi danışıqlara başlaması ilə bağlı bəyanatına da münasibət bildirib. "Ermənistan bir sıra səbəblər üzündən ABŞ-la heç bir danışıqlar apara bilməz. Səbəblərdən biri ondan ibarətdir ki, Azərbaycanın ya ixracatçı kimi, ya da tranzit dövlət kimi iştirakı olmadan heç bir regional layihənin həyata keçirilməsi mümkün deyil. Biz Ermənistanla əməkdaşlığı yalnız münaqişənin nizamlanmasından və onun nəticələrinin aradan qaldırılmasından sonra mümkün hesab edirik", - deyə Azərbaycan XİN rəsmisi bəyan edib.

Xəbər lenti

Xəbər lenti