...

İlham Əliyev: Azərbaycan və Türkiyənin birliyi yaxın gələcəkdə bütün dünya üçün mühüm amil olacaq

Siyasət Materials 6 May 2006 14:03 (UTC +04:00)
İlham Əliyev: Azərbaycan və Türkiyənin birliyi yaxın gələcəkdə bütün dünya üçün mühüm amil olacaq

Azərbaycan və Türkiyənin birliyi yaxın gələcəkdə bütün dünya üçün mühüm amil olacaq. Ölkələr arasında qardaşlıq və dostluq münasibətlərinin möhkəmlənməsi hər iki ölkənin xalqları üçün olduğu kimi, digər dövlətlər üçün də vacibdir. Mən bu əməkdaşlığın möhkəmlənməsi istiqamətində səylərimi davam etdirirəm. Trend in verdiyi məlumata görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin "Ekovitrin" jurnalında müsahibəsində bildirib.

"Azərbaycan və Türkiyə "əsrin əfsanəsi"ni həyata keçiriblər və bunun nəticəsində hər il 50 milyon ton Azərbaycan nefti Türkiyə vasitəsilə dünya bazarlarına çıxarılacaq"-deyə dövlət başçısı bildirib və Avropaya Türkiyə ərazisindən qaz satışının mümkünlüyünü də istisna etməyib.

"Xəzərdəki "Şahdəniz" yatağında 1 trilyon kubmetr qaz var. Bu bizim bir çox illər ərzində təbii qazla bağlı problemlərimizi həll edəcək. Bu layihənin həyata keçirilməsi Azərbaycan və Türkiyənin əhəmiyyətini daha da artırır", -deyə dövlət başçısı davam etdirib.

Azərbaycan prezidentinin sözlərinə görə, 2006-cı ildə ölkədə iqtisadi artım 40%, sənaye potensialının artımı isə - 50 % təşkil edib. "Əhalinin rifah halının tempi sürətlə artır. Və biz bu sürəti gələcəkdə də davam etdirəcəyik. Mən əminəm ki, biz gələcəkdə daha yaxşı nəticələrə nail olacağıq. Bu gün respublikanın maliyyə imkanları sosial ehtiyaclar üçün daha çox vəsait sərf etməyə imkan verir. Yeni məktəblər və xəstəxanalar tikilir", -deyə İ. Əliyev bildirib. O, 2005-ci il ərzində respublikada 300 məktəbin tikildiyini qeyd edib. "Şübhəsiz ki, problemlər də var və biz onları həll etməyə çalışırıq", -deyə İ. Əliyev əlavə edib.

Bununla yanaşı dövlət başçısı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə əldə olunan və İlham Əliyevin prezidentliyi dövründə möhkəmlənən siyasi sabitliyi Azərbaycanın neft-qaz sektoruna yerli və xarici investisiyaların cəlb olunmasında ən başlıca element adlandırıb.

Prezidentin sözlərinə görə, beynəlxalq neft şirkətlərinin nəhəng investisiyaları da siyasi sabitliyin qorunması və Azərbaycan iqtisadiyyatının digər sektorlarına investisiyaların qoyulmasının "beynəlxalq təminatı" formasıdır.

Azərbaycan prezidenti "açıq qapı" siyasəti yürütdünü qeyd edib və neft-qaz sektoru ilə yanaşı, kənd təsərrüfatı, su, kimya və tikinti sektorlarına xarici investisiyaların cəlb edilməsini planlaşdırırdığını bildirib.

İ. Əliyevin sözlərinə görə, neft Azərbaycan iqtisadiyyatında mühüm rol oynayır. O, hər il iqtisadiyyata 300-400 milyon dollar həcmində xarici investisiyaların cəlb edildiyini bildirib.

"Yaxın keçmişdə Dövlət İnvestisiya Şirkəti yaradılıb. Onun ilk il üçün Nizamnamə Kapitalı 100 milyon dollardır. Onun yaradılmasında məqsəd ölkə iqtisadiyyatını daha da inkişaf etdirmək, yeni xarici kreditorları və sərmayəqoyucuları cəlb etməkdir. Bu 100 milyon dollarlar 300 milyon dollar həcmində xarici investisiyaları cəlb edə bilər. İldə 300-400 milyon dolların cəlb olunması Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir", -deyə Azərbaycan dövlətinin başçısı bildirib.

Kipr probleminə toxunan prezident İlham Əliyev onun tezliklə həll olunacağına ümidvar olduğunu bildirib. "Kipr türkləri BMT-nin adanın birləşiməsi üzrə planını dəstəklədilər. Düşünürəm ki, adanın birləşdirilməsini dəstəkləyən icma qiymətləndirlməlidir və Azərbaycan Şimali Kipr sakinlərinə mənəvi dəstək istiqamətində zəruri addımlar atmağa hazırdır. Bu kontekstdə İslam Konfransı Təşkilatının qərarı mühüm əhəmiyyətə malikdir. Kipr problemi sülh yolu ilə həll edilməlidir", -deyə İlham Əliyev bildirib.

Sonda Azərbaycan prezidenti İranın nüvə proqramının reallaşdırılması ətrafında böhranla bağlı öz mövqeyini ifadə edib. "Bütün problemlərə hüquqi prizmadan yanaşılması zəruridir. İran problemi bir sıra dövlətlərdə narahatlıq doğurur. Onun həll olunması üçün problem müzakirə olunmalıdır. Bizə regionda sabitliyi və təhlükəsizliyi qorumaq vacibdir. Biz sülhün tərəfdarıyıq. Bütün problemləri sülh yolu ilə həll etmək mümkündür. Mən hər şeyin hüquqi əsasda həll edilməsinin mümkünlüyünə inanıram", -deyə sonda Azərbaycan prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti