Milli Məclis sədrinin müavini, ATƏT-in Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Portuqaliya, Estoniya və İsveçrənin ATƏT PA-dakı nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.
B.Muradova deyib ki, Azərbaycan bütün beynəlxalq təşkilatlar, o cümlədən də ATƏT və onun qurumları ilə əlaqələrin inkişafında maraqlıdır: "Ölkəmizdə vətəndaş cəmiyyətinin qurulması, demokratiyanın inkişafı, Avropaya inteqrasiya, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlərlə bağlı ATƏT-lə sıx əməkdaşlıq edirik".
Milli Məclis sədrinin müavini bu cür səfərlərin ölkəmiz haqqında daha doğru məlumatların əldə olunması və ikitərəfli əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğulayaraq, mayın 13-də keçiriləcək təkrar seçkilər barədə ətraflı məlumat verib.
Portuqaliyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Joao Soares deyib ki, Azərbaycana ikinci dəfədir gəlir və əvvəlki səfərindən ötən 4 il ərzində baş vermiş müsbət dəyişikliklər onu valeh edib: "Ölkədə dinamik inkişaf var. Səfərimizin məqsədi təkrar seçkiləri müşahidə etmək olsa da, hesab edirik ki, ikitərfli əlaqələrin inkiıafı baxımından da əhəmiyyətli olacaq. İnanırıq ki, təkrar seçkilər tam demokratik və şəffaf keçiriləcək".