...

GUAM XİNŞ dövlət başçılarına 3 sənəd təqdim edəcək

Siyasət Materials 23 May 2006 12:06 (UTC +04:00)

GUAM-a (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) üzv ölkələrin dövlət başçılarının sammiti 3 əsas sənəd qəbul edəcək. Azərbaycanın təşkilatdakı daimi nümayəndəsi Səbuhi Temirovun Trend ə verdiyi məlumata görə, bu qərar GUAM xarici işlər nazirləri Şurasının iclasında qəbul olunub. İclas zamanı hər üç sənədin layihələri razılaşdırılıb və təqdir edilib.

Onun sözlərinə görə, sammitdə nizamnamə, bəyannamə və kommünike qəbul olunacaq. "Sənədlərdə fövqəladə məqamlar olmadığından imzalanma prosesi zamanı heç bir problem gözlənilmir", - deyə diplomat qeyd edib.

Nizamnamə təşkilatda sədrliyin rotasiya üzrə iştirakçı ölkələrə keçməsini nəzərdə tutur. Bundan başqa, təşkilat katibliyində də sədrlik rotasiya üzrə həyata keçiriləcək. Təşkilatda qərarlar konsensusla qəbul olunacaq. Hər bir üzv ölkənin iclasda təklif irəli sürmək hüququ olacaq. Maliyyə ödənişləri isə təşkilatın bütün iştirakçıları arasında bərabər qaydada bölüşdürüləcək.

"Sammit öz işinə yerli vaxtla saat 10.00-da başlayacaq. Günün 2-ci yarısında prezidentlərin ikitərəfli görüşünün keçiriləcəyi gözlənilir", - deyə diplomat bildirib.

Xəbər lenti

Xəbər lenti