...

Bu gün Səudiyyə Ərəbistanı Krallığı şahzadəsinin Azərbaycana səfəri başlayır

Siyasət Materials 30 May 2006 15:42 (UTC +04:00)

Mayın 30-da günün 2-ci yarısında Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Nəvaf bin-Feysəl bin Əbdüləzizin Azərbaycana rəsmi səfəri başlayır. Bu barədə Trend ə Azərbaycanın Gənclər və İdman Nazirliyi mətbuat xidmətinin rəhbəri Raqif Abbasov məlumat verib.

Səfər ölkəmizin gənclər və idman naziri Azad Rəhimovun dəvəti ilə həyata keçirilir. Bu gün saat 19:00-da Hayat Parkda nazir və şahzadə arasında rəsmi görüş keçiriləcək. Görüş zamanı hər iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq.

Səfər çərçivəsində şahzadə Heydər Əliyev Fonduna baş çəkəcək, Azərbaycan prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, o cümlədən mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə görüşlər keçirəcək. İyunun 1-də Bakıdakı idman kompleksləri ilə tanışlıq, Bakı Dövlət Universiteti, Milli Olimpiya Komitəsində görüşlər planlaşdırılıb. Həmin gün axşam "Hayat Park" otelində hər iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi keçiriləcək. Sənədləri nazir Azad Rəhimov və şahzadə Nəvaf bin-Feysəl imzalayacaq. Memorandumda beynəlxalq tədbirlərdə əməkdaşlığın inkişafı və təcrübə mübadiləsi nəzərdə tutulur.

Şahzadə Nəvaf bin-Feysəl gənclər siyasəti və idman məsələləri üzrə, o cümlədən Ərəb Futbol Federasiyasının vitse-prezidentidir.

"Bu, Azərbaycan prezidenti İlham Əliyevin Səudiyyyə Ərəbistanına rəsmi səfəri zamanı bu sahədə əsası qoyulmuş əməkdaşlıq çərçivəsində ilk iri tədbirdir", - deyə R.Abbasov məlumat verib.

Xəbər lenti

Xəbər lenti