Moskvada Heydər Əliyev Fondunun dəstəyilə Rusiya imperiyasının son əfsanəvi çəngavərlərindən biri, taxt-taca şərəflə xidmət etmiş general-adyudant Hüseyn Xan Naxçıvanski haqqında "Əlahəzrətin general-adyudantı" adlı kitab işıq üzü görüb. Bu barədə Trend ə Milli Məclisin millət vəkili Elmira Axundova bildirib.
Kitabın müəllifi Rusiyanın tanınmış tarixçi-qafqazşünası, Yazıçılar İttifaqı və Jurnalistlər İttifaqının üzvü, professor Rudolf İvanovdur. O, 23 kitabın və təxminən 200 məqalənin müəllifidir. Onun işləri arasında Rusiya imperiyası və Qafqaz xalqlarının tarixi, Qafqaz xalqı nümayəndələrinin qəhrəmanlığı və onların Rusiya imperiyasının müdafiə və çiçəklənməsində roluna həsr olunmuş kitablar xüsusi yer tutur.
E.Axundovanın fikrincə, çara və vətənə verdiyi andına sadiq qalan Azərbaycan generalı H.X.Şıxlinskinin qəhrəmanlığı müəllifi valeh edib. Onun həyat yolu, ölümünün səbəbləri ilk dəfə olaraq R.İvanovun kitabında araşdırılır. "Rus aliminin Rusiya hərbi tarixinin Azərbaycanla bağlı səhifələrini canlandırması çox qiymətlidir" - deyə E.Axundova əlavə edib. Onun sözlərinə görə, bu şəxsin qismində təxminən 300 il ərzində ümumi olan Azərbaycan və rus mədəniyyəti və tarixinin mənəvi qohumluğu təzahür edir.
Millət vəkilinin dediklərinə görə, Heydər Əliyev Fondu və R.İvanovun işlərini yüksək qiymətləndirən fondun prezidenti Mehriban Əliyeva bu kitabın nəşrilə bağlı qayğıları öz üzərinə götürüb. Bu ilin yanvarında fond alimin Azərbaycana səfərini və onun "Bayazit" adlı digər kitabının təqdimat mərasimini təşkil edib.
"Əlahəzrətin general-adyudantı" kitabının müqəddiməsində müəllif YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili M.Əlyievanın xidmətlərini xüsusi olaraq qeyd edib.
Qeyd edək ki, müəllif Naxçıvan xanlarının sülaləsi haqqında trilogiya yazmağı planlaşdırır.
E.Axundova deyib ki, Naxçıvanla yaxından tanış olmaq üçün hazırda R.İvanov həmin regiondadır və fondun himayəsilə bir neçə gündən sonra Naxçıvanda onun 75 illiyi təntənəli qeyd olunacaq.