Qara dəniz İqtisadi Əməkdaş Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) növbəti iclası noyabr ayında Bakıda keçiriləcək. Trend xəbər verir ki, bu barədə Azərbaycanın adıçəkilən təşkilatda nümayəndə heyətinin rəhbəri, millət vəkili Asəf Hacıyev bildirib.
Qeyd edək ki, QDİƏT PA-nın iyunun 7-8-də Ermənistanda keçirilən 27-ci plenar iclasında sədrlik növbəti 6 ay müddətinə Azərbaycana verilib.
A.Hacıyev onu da vurğulayıb ki, QDİƏT PA-ya 12 dövlət daxildir: "Azərbaycanın bu təşkilata sədrlik etməsi önəmlidir. Çünki Dağlıq Qarabağ problemi və Ermənistanın işğalçı siyasətini bu təşkilatda təmsil olunan dövlətlərə lazımi səviyyədə çatdırmaq üçün bir fürsət olacaq".
"Ermənilər Bakıda keçiriləcək iclasa dəvət olunacaqmı" sualına isə A.Hacıyev belə cavab verib: "Bu barədə hələ dəqiq fikir söyləmək olmaz. Çünki hələ vaxta çox qalıb. Digər bir tərəfdən isə, bu məsələ Milli Məclisin rəhbərliyi tərəfindən həll olunmalıdır".