...

Əli Həsənov: "Seçki komissiyalarının tam formalaşdırılması indiki əsasda başa çatdırılacaq"

Siyasət Materials 13 İyun 2006 13:21 (UTC +04:00)

Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Trend Agentliyinə müsahibə verib

- Əli müəllim, sizin fikrinizcə, Konstitusiya Məhkəməsinin təkrar parlament seçkilərinin nəticələrini heç bir dəyişikliklər etmədən təsdiqləməsi bu seçkiyə verilən obyektiv qiymət sayıla bilərmi?

- Mən hesab edirəm ki, Azərbaycan hökuməti və başda Mərkəzi Seçki Komissiyası olmaqla bütün seçki komissiyaları 13 mayda təkrar parlament seçkilərinin demokratik, şəffaf, Avropa standartlarına uyğun şəkildə keçməsi üçün bütün işləri gördü. Beynəlxalq müşahidəçilər də bu fikirdə olduqlarını bildirdilər. Əlbəttə, demək olmaz ki, ölkədə ideal seçki keçirildi. Çünki seçki prosesində bəzi problemlər yenə də ortaya çıxdı. Amma seçki saxtakarlığı baş vermədi. İnsanların sərbəst şəkildə istədikləri adama səs vermələri üçün bütün imkanlar yaradıldı. Seçki müşahidəsi tam şəffaf şəkildə sonadək həyata keçirildi. Bülletenlərin sayılıb sənədləşdirilməsi, protoklların tərtib edilməsi prosesi də tam şəffaf şəkildə həyata keçirildi və qaliblər elan olundu. Beynəlxalq müşahidəçilərin də qeyd etdiyi kimi, bu seçkidə çoxlu yeniliklər tətbiq edildi. Amma yenə də qeyd edirəm ki, biz ideal seçki keçirmək arzusu ilə yaşamırdıq. Azərbaycan hökumətinin demokratik seçki keçirmək iradəsi nümayiş olundu, xalqın seçkiyə inamı artdı. Bu da bizə əsas verir ki, əvvəlki seçkilərdə buraxılan səhvlərin, ortaya çıxan problemlərin gələcək seçkilərdə təkrarlanmamasına çalışaq.

- Amma bəzi müxalifət qüvvələri - seçkidə iştirak etmiş və etməmiş patiyalar təkrar parlament seçkilərinin nəticələrini tanımır.

- Əvvəla, bəzi müxalifət partiyalarının təkrar seçkidə iştirak etməməsi onlar tərəfindən çox böyük səhv idi. Bu partiyalar seçkidə iştirak etmək, namizədliyini irəli sürmək istəyən üzvlərini pis vəziyyətdə qoydular. Amma Müsavat Partiyası seçkidə iştirak etdi. Azərbaycanın siyasi mühitində belə bir ənənə var ki, seçkidə qalib gələnlər deyir, özüm qalib gəldim, amma uduzanda deyir, məni uduzdurdular. Müsavat Partiyası da bu ənənədən çıxış edərək belə mövqe nümayiş etdirir. Amma onlar özləri çox gözəl bilirlər ki, niyə uduzublar, hansı dairələrdə kimə və nə üçün məğlub olublar. Başqası tərəfindən deyil, məhz özlərinin məğlub olduqlarını da yaxşı bilirlər.

- Seçkidə iştirak etməyən düşərgə isə əvvəldən bu nəticələrin elan olunacağını bildirirdi. Həmin gözlənilən nəticə baş verdikdən sonra haqlı olduqlarını bəyan etdilər. Sizin fikrinizcə, onlar öz arqumentlərində haqlıdırlarmı?

- Mən hesab etmirəm ki, seçkiyə qatılmamaqla düzgün addım atıblar. Seçkidə iştirak etməyənlərin bu arqumentlərinin heç bir əsası yoxdur. Ona görə də onları haqlı saymıram. Amma bir məsələdə onlarla razıyam ki, həmin müxalifət düşərgəsi əvvəldən seçkinin nəticələrinin necə olacağını bildirdi. Yəni, onlar seçkidə məğlub olacaqlarını bilirdilər. Bunu etiraf etməməklə isə qeyri-səmimilik göstərirlər.

- Venesiya Komissiyasının tövsiyələrinə uyğun olaraq Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsinə baxılacaq. Hansı yeniliklər gözlənilir?

- Bizim seçki prosesinə dair gələcək üçün planlarımız var. Onlar əsasən budur ki, seçki komissiyaları daha da təkmilləşdirilsin və peşəkar bir institut kimi formalaşdırılsın. Əvvəldən də belə fikirlərimiz var idi. Amma sərmayə çatışmazlığı, dövlət büdcəsində yaranmış problemlər imkan vermədi. Amma indi müəyyən işlər aparırıq, Venesiya Komissiyası ilə də birgə işlər davam etdirilir. Yaxşı olardı ki, gələcəkdə seçki komissiyaları tam tərəfsiz, yalnız qanuna tabe olan, peşəkar insanlardan ibarət olsun. Hazırda seçki komissiyaları parlamentin tərkibinə uyğun formalaşdırılır. Gələcəkdə isə tərəfsiz, peşəkar insanlardan ibarət komissiyalar yaradılması zərurətə çevrilərsə, bu məsələ gündəmə gələcək. Peşəkar komissiyalar dedikdə o nəzərdə tutulur ki, bütün komissiyalar heç bir partiya mənsubiyyəti, siyasi partiyalar qarşısında məsuliyyət və öhdəliyi olmayan şəxslərdən ibarət olmalıdır.

- Hazırda ən çox tələb olunan məsələ seçki komissiyalarının paritet əsasda formalaşdırılması ilə bağlıdır. Bu məsələyə yenidən baxıla bilərmi?

- Müxalifətin israr etdiyi paritetlik anlayışı ilə qanunlarda əksini tapan paritetlik arasında fərqlər var. Müxalifət paritet deyəndə cəmiyyətdə 5 faizdən az dəstəyi olan partiyalarla bütöv bir cəmiyyətin paritetini nəzərdə tutur. Bu isə mümkün deyil. Amma biz paritetlik deyəndə parlamentdə təmsil olunan qüvvələrin təmsilçiliyini nəzərdə tuturuq - parlamentdə çoxluq təşkil edən partiya, azlıqda qalan partiyalar və bitərəf insanlar. Biz bu pariteti artıq yaratmışıq və bundan yaxşı variantı da görmürük. Hesab edirəm ki, seçki komissiyalarının tam formalaşdırılması bu əsasda da başa çatdırılacaq. Hazırkı qanun başqa ehtimallara yer saxlamır. Seçki Məcəlləsində açıq şəkildə yazılıb ki, yuxarıdan aşağıya bütün seçki komissiyaları parlamentin tərkibində müvafiq olaraq formalalaşdırılmalıdır. Ona görə də biz başqa ehtimallarla deyil, yalnız qanunla danışmalıyıq.

- Avropa Şurası Parlament Assambleyasıın iyunun 26-da başlanacaq yay sessiyasında qurumun Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkelin hesabatı, eyni zamanda təkrar seçkiləri müşahidə etmiş Leo Platvoetin hesabatı dinləniləcək. Ölkə müxalifəti iddia edir ki, AŞPA-nın yay sessiyasında Azərbaycanın mandat məsələsinə yenidən baxılacaq və bu zaman ölkəmiz problemlə üzləşə bilər.

- Azərbaycanın problemlə üzləşməsini bəzi müxalifət dairələri və onların səviyyəsində olan AŞPA məruzəçisi Andreas Qross arzulayır. Amma biz ümid edirik ki, AŞPA-nın əksər üzvləri onlarla eyni fikirdə deyil. Onlar Azərbaycanda seçki yeniliklərini gördülər, demokratik seçki keçirildiyini müşahidə etdilər və ölkəmizin demokratik gələcəyinə də inanırlar. Ona görə də mən hesab edirəm ki, Azərbaycanın AŞPA-nın yay sessiyasında heç bir problemi olmayacaq.

Xəbər lenti

Xəbər lenti