...

İyunun sonuna qədər Polşa Seymində Polşa-Azərbaycan dostluq qrupu yaradılacaq

Siyasət Materials 13 İyun 2006 20:16 (UTC +04:00)

2006-cı il iyunun sonuna qədər Polşa parlamentində Polşa-Azərbaycan dostluq qrupu yaradılacaq. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Polşa Seyminin Avropa Birliyi üzrə nümayəndə heyətinin sədri və Seymlə Senatın AŞPA-dakı nümayəndə heyətinin sədri Karel Karski iyunun 13-də Bakıda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, dostluq qrupu Polşa Seyminin gələn həftə keçiriləcək iclasında yaradılacaq. "Qrup iki parlamentarinin - mənim və Seymin deputatı, Avropa Birliyi üzrə Komissiyanın üzvü İoanna Kovalskayanın təşəbbüsü ilə yaradılacaq" - deyə K.Karski vurğulayıb. O əlavə edib ki, belə bir qrupun fəaliyyət göstərməsi iki ölkənin parlamentlərini yaxınlaşdıra bilər.

Bununla yanaşı, K. Karski deyib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidovu da Polşaya dəvət edib, lakin səfərin dəqiq tarixi yalnız dostluq qrupunun yaradılmasından sonra məlum olacaq.

K.Karski deyib ki, Varşava Azərbaycanın Avropaya inteqrasiya cəhdlərini dəstəkləməyə hazırdır. "Biz rəsmi Bakının bu istiqamətdəki səylərini salamlayırıq və Azərbaycanın AB, NATO və digər beynəlxalq təşkilatlarla layihələr gerçəkləşdirməsini dəstəkləyirik" - deyə Polşalı qonaq bildirib.

Xəbər lenti

Xəbər lenti