İyunun 20-də Türkiyənin Ərzurum şəhərində Gürcüstan müsəlmanlarının toplantısı keçirilir. Bu barədə Trend ə Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) analitik informasiya mərkəzinin rəhbəri Abbas Muradxanlı məlumat verib.
Onun bildirdiyinə görə, Gürcüstan müsəlmanlarının Ərzurumda keçirilən görüşü məşvərət xarakteri daşıyır. Görüşdə Ahıska türklərinin, abxazların nümayəndələri, müsəlman osetinlər, azərbaycanlılar, kistlər (çeçenlər), inquşlar, acarlar, müsəlman gürcülər iştirak edirlər. Toplantıda Gürcüstan müsəlmanlarının vahid siyasi partiyasının yaradılması müzakirə olunur. 80 nəfər nümayəndənin iştirak etdiyi toplantının keçirilməsinə Türkiyənin dövlət orqanları heç bir maneçilik törətməyiblər. Toplantının sonunda Gürcüstanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı qətnamə qəbul ediləcək. Həmçinin Gürcüstan müsəlmanları bu ölkənin suverenliyinin, dövlətçiliyinin qorunması ilə bağlı bəyannamə imzalanacaq. Həmçinin görüşün yekunu kimi vahid siyasi partiyanın yaradılması təşəbbüsü ilə bağlı işçi qrupu yaradılacaq.
Qeyd edək ki, Gürcüstanda yaşayan müsəlman xalqların nümayəndələrinin görüşü GAMA-nın təşkilatçılığı ilə keçirilir.